Bazar ertəsi Ağ Ev Əfqanıstanın paytaxtı Kabildəki raket hücumundan sonra hava limanındakı əməliyyatların "fasiləsiz davam etdiyini" bildirib.
Şahidlər raketlərin sayının çox olduğunu desələr də, bir ABŞ rəsmisi Reuters xəbər agentliyinə bildirib ki, onların qarşısı raketdən müdafiə sistemləri tərəfindən alınıb.
Ağ Evin mətbuat katibi Cen Psaki verdiyi açıqlamada Prezident Co Baydenə hücumla bağlı məlumat verildiyini və onun komandirlərin Əfqanıstandakı qüvvələrin qorunması üçün güclərini ikiqat artırmaq barədəki əmrini bir daha təsdiqlədiyini bildirib.
Birləşmiş Ştatlar cümə axşamı hava limanı yaxınlığında azı 169 əfqan və 13 ABŞ əsgərinin ölümünə səbəb olan intiharçı hücumu da daxil olmaqla, bölgədə ağırlaşan təhlükəsizlik vəziyyətinə baxmayaraq, son tarixə qədər Kabildən təxliyəni başa çatdırmağa çalışır.
ABŞ ordusu Həmid Kərzai Beynəlxalq Hava Limanına təhlükəni aradan qaldırmaq üçün "İŞİD-K"-yə (İslam Dövləti - Xorasan) qarşı hava hücumu zamanı mülki vətəndaşlar arasındakı itkilərlə bağlı məlumatları da araşdırır.
"Günahsız insanların həyatlarını itirməsi bizi çox kədərləndirərdi" - deyə, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü, kapitan Bill Urban bazar günü etdiyi açıqlamasında bildirib.
Urban hava hücumunun nəticələrinin hələ də qiymətləndirildiyini bildirib və deyib ki, sonrakı partlayışlar əlavə itkilərə səbəb ola bilər. "Nə baş verəcəyi bəlli deyil və biz daha ətraflı araşdırma aparırıq" - deyə, o bildirib.
The New York Times qəzetindəki xəbərə görə, pilotsuz təyyarənin vurulması və ya sonrakı partlayışlar nəticəsində uşaqlar da olmaqla, doqquz mülki vətəndaş həlak olub.
Ağ Evin bildirdiyinə görə, bazar günü Vaşinqton vaxtı ilə gecə saat 3-ə qədər, son 12 saat ərzində Kabildən 2900-ə yaxın insan təxliyə edilib. Ağ Ev həmçinin ABŞ-ın avqustun 14-dən bəri 114 000 insanın evakuasiyasına yardım etdiyini bildirib.