Dünya Bankının siyasət idarəsi bu qurumun prezidenti Pol Volfovitsin rəhbərlik etdiyi mübahisəli korrupsiya ilə mübarizə planını müdafiə edib.
Bankın rəsmiləri bu gün Sinqaopurda planı təsdiqləsələr də, kampaniyanın qurumun səhmdarları olan ölkələrin nəzarəti altında həyata keçiriləcəyini deyiblər. Komitənin Fransa, Almaniya və Britaniyadan olan üzvləri nəzarətin vacibliyini qeyd ediblər.
Volfovitsin planına əsasən Dünya Bankının maliyyə yardımı planları ölkənin korrupsiya ilə mübarizədə uğurlarına bağlı olacaq. Volfovitsin sözlərinə görə, bu plan yardımı ona daha çox ehtiyacı olanlara yönəltməklə yoxsulluğun da aradan götürülməsinə xidmət edəcək.
Tənqidçilər isə planın ölkələri öz bazarlarını liberallaşdırmaq və xidmət sektorunu özəlləşdirməyə məcbur etmək məqsədi daşıdığını deyir.
Artıq bu planla bağlı bir sıra ölkələrə yardım dayandırılıb. Ötən həftə Britaniya bu ağır şərtlərə etiraz olaraq Bankın maliyyələşməsinə ayırdığı 94 milyon dolları geri götürəcəyi ilə hədələyib.