Accessibility links

Prezident Buş Amerika müsəlmanlarını Ağ Evdə iftar yeməyinə dəvət edib


ABŞ prezidenti Corc Buş dünən axşam Ramazan iftarının açılışı ilə əlaqədar müsəlman liderləri Ağ Evə dəvət etmişdi. Müsəlman amerikalıların prezident tərəfindən Ağ Evə iftar yeməyinə dəvət edilməsi artıq ənənəvi hal alıb. Əvvəllər dəvət olunanların siyahısına yüksək vəzifəli din xadilməri və müsəlman ölkələrinin Amerikadakı səfirləri salınardı. Bu il isə Ağ Evin ziyafət salonunda sup, balıq və armud suflesi qoyulan masa arxasında ictimai xidmətlərdə çalışan insanları da görmək olardı.

Cənab Buş öz çıxışında demişdir: “Bizimlə burada Nyu Yorkun polis zabitləri və sentyabrın 11-i hadisələrində öz həyatlarını təhlükə altına qoyaraq, başqalarının həyatlarını xilas edən təcili yardım işçiləri, hərbi həkimlər, hərbi dəniz donanmasının nümayəndələri, xarici nümayəndəliklərin üzvləri, Əfqanıstan və İraqda xidmət göstərən hərbi veteranlar iştirak edir.”

Prezident Buş bu insanların Amerikanın daha yaxşı və daha güclü dövlət olmasında xidmətlərini yüksək qiymətləndirmişdir. Prezident eləcə də, Amerika ilə birlikdə terrorizmə qarşı mübarizəyə qoşulan müsəlman ölkələrinə minnətdarlığını bildirmiş və onlardan bir neçəsinin iftar yeməyində iştirak etdiyini vurğulamışdır.

Qeyd edək ki, bu, prezident Buş tərəfindən ev sahibliyi edilən altıncı iftar yeməyi idi. İlk iftar yeməyi 2001-ci il sentyabr syının 11-i terror aksiyalarından sonra təşkil edilmişdi. Bunun məqsədi Amerika müsəlmanlarının göstərdikləri yardımlara təşəkkür mahiyyəti daşıyırdı.

XS
SM
MD
LG