Accessibility links

Daniel Kaufman: "Azərbaycanın korrupsiya ilə mübarizədə görəcəyi çox iş var"


Bu günlərdə Qvatemalada başa çatan Beynəlxalq Anti-Korrupsiya Konfransında Azərbaycandan hökuməti, parlamenti və qeyri-hökumət təşkilatlarını təmsil edən böyük bir nümayəndə heyəti iştirak edib. Konfrans korrupsiya əleyhinə qlobal mübarizənin strategiyasının çərçivələrini cızan bir sənədin qəbulu ilə başa çatıb.

Azərbaycan nümayəndə heyətinin üzvü, İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Qubad İbadoğlunun sözlərinə görə, konfransda Azərbaycanla bağlı xüsusi bir məsələ müzakirə olunmayıb. Cənab İbadoğlu qlobal miqyasda müzakirə olunan müdafiə xərclərinin şəffaflığı, humanitar yardımların sui-istifadəsi kimi məsələlərin müzakirəsi Azərbaycan kontekstində də böyük əhəmiyyət daşıdığını söylədi.

Beynəlxalq ekspertlər Azərbaycanda korrupsiya ilə mübarizə sahəsində irəliləyişin olduğu qənaətindədirlər. Dünya Bankı İnstitutunun global idarəetmə proqramının direktoru Deniel Kaufmann Amerikanın səsinin türk servisinə verdiyi müsahibəsində Azərbaycanda problemlərin qalmasına baxmayaraq, pozitiv dəyişikliklərin də olduğunu qeyd edib: "Digər ölkələrlə müqayisədə Azərbaycanın vəziyyəti daha mürəkkəbdir. Onların korrupsiya ilə ciddi mübarizə aparmağa ehtiyacı var. Amma onlar vəziyyətin ən pis olduğu ölkələrdən deyil. Bizim reytinqə görə, Azərbaycan hardasa sondan 40-cı yerdədir. 2004-cü illə 2005-ci ili müqayisə edəndə kifayət qədər inkişaf olub və biz həmin istiqamətdə inkişafın davam edəcəyini gözləyirik. Amma yenə də görülməli çox iş var".

Qubad İbadoğlu Azərbaycanda böyük irəliləyişin olduğu ilə bağlı fikirlərlə razılaşmır.

Cənab Kaufmann dünya təcrübəsindən çıxış edərək korrupsiya ilə mübarizənin siyasi iradə tələb etdiyini deyir:

"Ümumiyyətlə, korrupsiya ilə mübarizə siyasi iradə tələb edir. Siyasi iradənin mövcud olduğu ölkələrdə idarəetmədə kifayət qədər irəliləmə müşahidə olunur. Tamamilə real bir tərəqqi yolunu keçirlər. Və biz deyə bilərik ki, korrupsiya ilə mübarizədə irəliləyiş siyasi iradənin nəticəsi olaraq baş verirsə, bu, əhalinin gəlirlərini bir neçə ildə üç dəfə artıra bilər. Eyni zamanda korrupsiya ilə effektiv mübarizə təhsilin səviyyəsinin artması, uşaq ölümünün azalması ilə müşayiət olunur".

Cənab Kaufmanın sözlərinə görə, "korrupsiyanı nəzarətdə saxlamaq və idarəetmənin effektiyliyini artırmaqla böyük qazanc əldə etmək olar - hər kəs üçün".

XS
SM
MD
LG