İraq hökuməti president Buşun yeni İraq strategiyasını alqışladığını bildirsələr də İraq sakinləri qoşunların sayının artırılmasının zorakılıq dalğasına son qoyacağına şübhə etdiyini deyirlər.
İraqın baş nazir Nuri əl Malikinin baş məsləhətçisi indiki vəziyyəıtin nə amerikalılar, nə də iraqlılar üçün məqbul olmadığı barədə Buşun sözlərinə istinad edərək, ABŞ-ın İraqda uğur qazanmaq üzrə öhdəlik götürməsini alqışlayıb.
Bağdadda şiə və sünni icmaların nümayəndələri əlavə ABŞ qoşunlarının zorakılığa son qoymağa qadir olacağı məsələsində nikbin olmadıqlarını deyiblər. Bununla yanaşı bəziləri bu istiqamətdə atılan hər addımı alqışladığını deyib.
Britaniyanın xarici işlər naziri Marqaret Beket Buşun yeni İraq strategiyasını alqışladığını desə də, öz hökumətinin bölgəyə göndərdiyi əsgərlərin sayını artırmaq niyyətinin olmadığını deyib. ABŞ-ın digər müttəfiqləri Yaponiya və Avstraliya da cənab Buşun İraqda stabilləşdirmə məsələsinə yanaşmasını alqışlayıblar.