ABŞ ordusu Əl-Qaidənin İraqdakı lideri Əbu Əyyub Əl-Məsrinin hökumət qüvvələri ilə atışma zamanı yaralandığına dair xəbərə şübhə ilə yanaşdığını bildirib. Amerikanın Bağdaddakı hərbi rəsmilərinin dediyinə görə, xəbərlərin həqiqiliyinə dair heç bir əsas yoxdur.
Qeyd edək ki, Əl Məsrinin yaralandığı və onun yardımçılarından birinin öldürüldüyünə dair xəbəri Daxili İşlər Naziriliyinin sözçüsünə istinadən İraq teleziyası yaymışdı. ƏL Məsri keçən il Əl-Qaidənin lideri Əbu Müsab Əl- Zərqavinin qətlindən sonra qrupun liderliyini ələ almışdı.
Beynəlxalq Miqrasiya Təşkilatının bildirdiyinə görə, 2007-ci ilin sonunadək bir miyona yaxın iraqlı didərgin düşəcək. Cenevrədə yerləşən təşkilat bildirib ki, təkcə son üç həftə ərzində İraqın mərkəz və cənub bölgələrində 18 000 insan məcburi köçkünə çevrilib. Bu isə son bir il ərzində məcburi köçkünlərin sayını 290 000-ə çatdırır. Bu insanların əksəriyyətinin ən adi ehtiyacları belə qarşılanmır. Onların yarısından çoxu ərzaq yardımı almadıqlarından şikayətlənir. Bbeynəlxalq Miqrasiya Təşkilatının bildirdiyinə görə, 10-la 14 yaşları arasında gənclər ya pul, ya da qisas naminə yerli yaraqlı dəstələrə qoşulur.
Bu arada ABŞ-ın Nümayəndələr Platasında prezident Buşun İraqa 20 000-dən artıq əlavə əsgəri qüvvə göndərilməsi planına etiraz olaraq tövsiyyə xaraketrli qətnamənin təsdiq ediləcəyi gözlənilir. Səsvermə 3 gün davam edən debatlardan sonra keçirilir. Virginiya ştatından Rik Bauçer kimi demokratlar bildirirlər ki, əlavə qüvvə İraqdakı təriqətlərarası zorakılıqları dayandıra bilməyəcək. Qərbi Viciniya ştatından Şelli Mur Kapito kimi respublikaçılar isə İraqdan qüvvələrin vaxtından əvvəl çıxarılmasının həm Amerika, həm də Yaxın Şərq üçün fəlakət ola biləcəyini deyirlər. Nümayəndələr Platasının 11 respublikaçı üzvünün əksəriyyətinin qətnaməyə səs verəcəyi təxmin edilir.