Beş Avropa dövlətinin liderləri enerji məsələlərini müzakirə etmək üçün Polşada toplanır. Polşa prezidenti Lex Kaçinski Azərbaycan, Gürcüstan, Litva və Ukraynadan olan həmkarları ilə Krakovda keçiriləcək görüşə ev sahibliyi edir.
Sammit Xəzər regionundan enerji təchizatı mənbələrini müxtəlifləşdirmək səylərinə həsr olunur.
Mart ayında Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev ölkəsinin neft istehsalının 2010-cu ilədək iki dəfə artacağını bildirib. Ötən il xam neft Rusiya və İrandan keçməyən Bakı Tbilisi Ceyhan kəməri ilə Türkiyənin Aralıq dənizi sahillərinə ötürülməyə başlayıb.
Ukrayna və Polşa prezidentləri Mart ayında 700 kilometrlik Odessa Brodı neft kəmərini mərkəzi Polşaya qədər uzatmaq planını müzakirə etmişdilər.