Pakistanın sabiq baş naziri Benazir Bhutto bu gün prezident Pərviz Müşərrəflə hakimiyyətin bölüşdürülməsi haqda razılığa gələcəklərinə ümid etdiyini deyib. Londonda jurnalistlərə açıqlama verən xanım Bhutto bildirib ki, o, əfv olunmasını və korrupsiya ilə bağlı siyası ittihamların üzərindən götürülməsini gözləyir. Səkkiz ildir mühacirətdə yaşayan sabiq baş nazirin başlıca tələbi amnistiyadır.
Bu gün səhər tezdən qarşı tərəf də hakimiyyət bölgüsünə müsbət yanaşdığını bildirmişdi. Tərəflərin günün sonuna qədər razılığa gəlməsi ehtimal olunur.