Accessibility links

Jurnalistləri Müdafiə Komitəsinin hesabatında Azərbaycan tənqid olunur


Bu gün açıqladığı illik hesabatda Jurnalistləri Müdafiyə Komitəsi Prezident İlham Əliyevin avtoritar hökumətinin mətbuat azadlığı sahəsində ən pis geriləmələrdən birinə yol açdığını önə çəkib.

Hesabatda deyilir: “Azərbaycanın artan enerji gəlirlərindən ürəklənən Əliyev hökuməti Gürcüstan, Ukrayna və Qırğızıstanda baş vermiş rəngli inqilablardan qorxuya düşərək regiondakı repressiya nümunəsi olan Rusiyanın arxasınca düşüb. Qərbin enerjiyə olan ehtiyaclarından doğan arxayınçılıqla Əliyev hökuməti tənqidləri rədd edir və insan hüquqlarını pozmaqda davam edir.”

ABŞ Konqresinin insan hüquqları üzrə helsinki komissiyası qarşısında ifadə verən regional koordinator Nina Oqnianova Azərbaycanda son vaxtlar jurnalistlərin həbslərinin artması ilə ölkədə özünü senzuranın geniş yayıldığını bildirib. Xanın Oqnianova Azərbaycanı mətbuat azadlığının taleyini prioritetə çevriməyə səsləyib.

Jurnalistləri Müdafiə Komitəsinin hesabatında Monitor jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin üstünün açılmaması, əvəzində həmin jurnalda çalışmış Eynulla Fətullayevin uzun müddətli həbs cəzasına məhkum edilməsi qeyd olunur. Noyabr ayında Azadlıq qəzetinin redaktroru Qənimət Zahidin həbs olunmasına diqqət yetirən hesabat müllifləri hökumətin tez-tez müstəqil jurnalistləri müxtəlif növ kriminal maddələrlə həbsə saldığını bildirir.

Əksər hallarda jurnalistləri məhkəməyə verən şəxslər hökumət nümayəndələri olur. Buna misal olaraq Nota Bene qəzetinin jurnalisti Fərəməz Novruzoğlu , Müxalifət qəzetinin redaktoru Rövşən Kəbirli və başqalarının adları sadalanır.

Hesabata əsasən Azərbaycanın ən özbaşına regionu Naxçıvandır ki, burada müstəqil jurnalistlərin fəaliyyətləri sərt şəkildə məhdudlaşdırırlır. Hesabatda Yeni Müsavat qəzetinin regional müxbiri Həkimeldostu Mehdiyevin Naxçıvan hökumət nümayəndələri tərəfindən döyülməsi və həbs olunması qeyd olunur.

Qeyd edək ki, Azərbaycan hökumətinin nümayəndələri ölkədə jurnalistlərə qarşı təzyiqlər barədə iddiaları rədd edirlər. Prezidentin ictimai siyasi şöbəsinin müdiri Əli Həsənov jurnalistlərin vəziyyəti ilə əlaqədar çıxışlarında deyib ki, Azərbaycanda dövlət mətbuat azadlığını tam təmin edib və ölkədə fikir və yazısına görə hərhansı jurnalist təqib olunmur. O söyləyib ki, ölkədə mətbuat orqanı təsis etmə sahəsində heç bir problem yoxdur, minlərlə qəzet və jurnal çap olunur

XS
SM
MD
LG