Rusiya prezidenti Vladimir Putinin namizədliyini irəli sürdüyü Dmitri Medvedev prezident seçkilərində səslərin 70 faizindən çoxunu əldə edib. Dünənki səsvermə fəallığının rekord səviyyədə olduğu bildirilib. Lakin Rusiyanın müstəqil seçici hüquqları qrupu insanlardan səsverməyə məcbur edildiklərinə dair çoxsaylı telefon zəngləri aldıqlarını bildirib. Yüzlərlə Kreml tərəfdarı gəncin iştirakı ilə ABŞ-ın Rusiyadakı səfirliyi qarşısında piket keçirilib. Naşi gənclər hərəkatının üzvləri “Rusiya irəli” şüarları səsləndirib, üzərində amerikalı qadınlara “kələm supu bişirilməsi öyrədilməlidir” sözləri yazılmış plakatlar qaldırıb. Bu sözlər prezident Vladimir Putinin keçən ay qərbin seçki müşahidəçiləri ilə bağlı “öz işləri ilə məşğul olub, arvadlarına kələm supu bişirməyi öyrətməlidirlər” dediyi kinayəli çıxışına işarə idi.