Əfqanıstanda holland hərbi komandirinin oğlunun həlak olduğu yolkənarı bomba partlayışının məsuliyyətini Taliban öz üzərinə götürüb. Leytenant Dennis van Uhm hücum zamanı ölən iki əsgərdən biridir. Onun atası general Peter van Uhm Əfqanıstanda Hollandiya qoşunlarının komandanlığını dünən təhvil almışdı. Hollandiya ordusu bildirir ki, van Uhmun hədəfə alınması ilə bağlı heç bir işarə yoxdur. Yolkənarı bomba hücumu Uruzqan vilayətində baş verib. Bu gün həmçinin Loqar vilayətində baş verən digər yolkənarı bomba partlayışı nəticəsində 3 əfqan mülki vətəndaş həlak olub.