Fələstinin 12 fraksiyası Qəzza Zolağında İsraillə barışıq haqda Misirin təklifini qəbul edib. Rəsmilərə istinad edən Misirin dövlət xəbər agentliyi MENA Fələstin qruplarının bu gün Qahirədə keçirilən toplantıda atəşkəs təklifini təsdiq etdiyini bildirib. Məlumata görə Qəzzadan başlayacaq barışıq daha sonra İordan çayının qərb sahilinə yayılacaq. Atəşkəsin tətbiqi barədə dəqiq vaxt deyilməyib. Qəzzaya nəzarət edən Həmas yaraqlı qrupu keçən həftə Misirə demişdi ki, o, Qəzzada İsraillə 6 aylıq atəşkəsi dəstəkləyəcək. Qeyd edək ki, rəsmi Qahirə İsrail-Fələstin arasında barışıq əldə olunması üçün aylardır vasitəçilik etməyə çalışır.