Accessibility links

Şanxay Əməkdaşlıq Şurası və Çin-Rusiya münasibətləri


Ötən ay Rusiyanın yenicə seçilmiş prezidenti Dmitri Medvedev ilk rəsmi səfərini Qazaxıstan və Çinə etdi. Başqa 3 Orta Asiya respubikası ilə yanaşı Moskva, Astana və Pekin Şanxay Əməkdaşlıq Təşkilatının üzvüdürlər.

Bu təşkilat nisbətən yeni yaranamış qurumdur. 1996-cı ildə yaranan təşkilat ilk öncə Şanxay Beşliyi kimi tanınırdı. Beşliyi Rusiya və Çindən əlavə Qazaxıstan, Qırğızıstan və Tacikistan təşjil edirdi. Qurumun məqsədi üzv dövlətlər arasında sərhəd məsələlərini yoluna qoymaq idi. Kaliforniyada yerləşən Monetery Beynəlxalq Araşdırmalar İnstitutunun eksperti Cinq Donq Yuanın sözlərinə görə 5 il sonra Özbəkistanın təşkilata qoşulması ilə hədəflər dəyişdi.

"2001-ci ildə Şanxay Əməkdaşlıq Təşkilatı adını alan qurum 3 başlıca şər qüvvə ilə mübarizəni qarşısına məqsəd qoydu. Bunlar beynəlxalq terrorizm, dini ekstremism və etnik separatçılıq idi," deyə o, söyləyir.

Bir çox ekspertlər deyirlər ki, regional təşkilatda Çin və Rusiyanın eyni zamanda təmsil olunması maraq doğurur. Londonda yerləşən Avropa İslahatları Mərkəzinin eksperti Bobo Lo deyir ki, Şanxay Əməkdaşlıq Təşkilatının lokomotivi Çindir. Bu təşkilata üzv olmaq Çinə öz nüfuzunu Orta Asiyada yaymağa imkan verir.

Eyni zamdan Rusiya özünü hələ də regionda dominant qüvvə kimi görür. Kolumbiya universitetinin professoru Robert Leqvold deyir ki, Moskva və Pekin bir-birinin maraqlarına hörmətlə yanaşırlar: "Çin açıqcasına Rusiyanın regiondakı hegemonluğuna qarşı çıxış etmir. O biri tərəfdən iqtisadi baxımdan dinamik Çin Orta Asiya bazarlarını fəth etməkdədir. Təhlilçilərin fikrincə Çin və Rusiyanın üzərində razılaşdığı mühüm məqam ABŞ-ın Orta Asiyadakı roludur."

1991-ci ildə Sovet İttifaqı dağılandan bəri Vaşinqton regionda aktiv rol oynamağa başlayıb. 2001-ci il Sentyabrın 11-i baş vermiş terror hücumlarından sonra Vaşinqton Əfqanıstanda Taliban rejiminə qarşı mübarizə aparmaq üçün bir neçə hərbi baza kirayəyə götürdü. Robert Leqvold deyir ki, Çin və Rusiya ABŞ-ın Talibana qarşı mübarizəsini dəstəkləsələr də onlar ABŞ-ın orta Asiya regionundakı mövcudluğundan razı deyillər. Bir tərəfdən Çin Orta Asiyadakı ABŞ bazalarını Çinin nüfuzunu məhdudlaşdırmaq cəhdi kimi qiymətləndirir. O biri tərfədən Rusiya ABŞ-ın tarixi imperiya əyalətlərinə daxil olmasından qəzəblənir.

Bobo Lo deyir ki, Moskva və Pekin mühüm bir məsələdə hələ də razılığa gələ bilməyiblər və bu, post-Amerika dünya düzəni və Orta Asiyanın gələcək siyasi mənzərəsidir "Ruslar sadəcə olaraq əvvəlki statuskvoya qayıtmaq istəyirlər. Çin isə hesab edir ki, onun da bu regionda güclü nüfuza malik olmaq haqqı var. Belə olan halda Moskva və Pekin əslində bir-birinə rəqibdirlər," deyə o, bildirir. Hər halda qarşıdan gələn illərdə bu münasibətlərin Şanxay Əməkdaşlıq Təşkilatı daxilində tənzimlənmnəsi maraqlı müşahidə obyekti olacaq.

XS
SM
MD
LG