Accessibility links

Sinan Oğan: “Azərbaycan tarazlaşmış siyasət yürütməlidir”


Gürcüstan üstündə Qərblə Rusiya arasındakı ixtilaf gündən-günə dərinləşir və bu, qonşu Azərbaycanda da yaxından izlənilir. Qərb ölkələri Moskvanı sərt tənqid edirlər və hətta Rusiyaya qarşı müəyyən koalisiyanın formalaşması zərurətindən danışılır. Rəsmi Moskva bəyan edir ki, o mümkün yeni soyuq müharibədən qorxmur. Beləliklə baş qaldıran Qərb-Rusiya qarşıdurmasında Azərbaycan kimin yanında olmalıdır? Ankaradakı Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan "Amerikanın səsi"nə mövzu ilə bağlı müsahibə verib.
Sual: Rusiyanın Gürcüstandan ayrılan bölgələrin müstəqilliyini tanımasından sonra indi ən aktual mövzulardan biri Moskva ilə Qərb arasındakı gələcək münasibətlərdir. Supergüclərin qarşıdurmasının regiona hansı təsirləri olacaq?
Cavab: Əslində, Rusiyanın Abxaziya və Cənubi Osetiyanı tanıması Moskvanın xarici siyasəti ilə üst-üstə düşmür. Sadəcə olaraq Rusiya bu addımı həm Kosovonun intiqamını almaq, həm də Gürcüstana dərs vermək üçün atdı. Amma yaddan çıxarmaq olmaz ki, Rusiyanın öz icərisində də onlarla belə muxtar respublika var. Bir tərəfdən də baxanda, Rusiya Kovosonun tanınması prosesinə etirazını bildirmiş və əvəzində Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyacağını xəbərdar etmişdi. Beləliklə, bunlar hamısı gözlənilən hadisə idi. Gözlənilməyən yeganə şey Medvedevin bu qədər tələsik şəkildə bu regionları müstəqil dövlət kimi tanıma qərarına imza atması oldu. Bu o deməkdir ki, Rusiya hər şeyə hazırdır. Həm Qərblə və NATO ilə münasibətlərinin pozulmasına, həm də Qərbdən gələn təzyiqlərə.
Sual: Qərb mətbuatı artıq soyuq müharibədən bəhs edir...
Cavab: Məsələ burasındadır ki, bu konflikt artıq Rusiya-Gürcüstan məsələsi müstəvisindən cıxaraq, Qərblə Rusiya arasındakı məsələyə çevrilib. Bunu bəlkə də tam olaraq soyuq müharibə yox, soyuq sülh adlandırmağımız düzgün olardı. Və bunun həm də Amerikadakı prezident seçkilərilə əlaqəsini yaddan çıxarmamalıyıq. Ruslar belə hesab edirlər ki, hazırkı soyuq sülh noyabrın 5-nə qədər, yəni Amerikada seçki ertəsinə qədər başa çatmalıdır. Çünki Amerikada yeni seçiləcək prezidentlə Rusiya yeni bir ağ səhifə açmağı planlaşdırır. Amma Rusiyanın gözlədiyi kimi, demokratlar iqtidara gəlməyə də bilər. Məhz son günlərin hadisələri respublikaçıların Amerikada irəli çıxmasına səbəb olub. Əgər respublikaçılar iqtidarda qalsa, Con Makkeynin Rusiya ilə daha sərt siyasət qurmaq niyyətini bilirik. Beləliklə də indi ortada olan soyuq sülh bəlkə də o zaman soyuq müharibəyə çevriləcək. Və bölgəmizdəki bu hadisələrin əlbəttə ki, Dağlıq Qarabağa da mütləq təsirləri olacaq. Çünki beynəlxalq müstəvidə artıq millətlərin ərazi bütövlüyü prinsipi zəifləyib. Bu vəziyyətdə kiçik ölkələrin milliyyətçi duyğuları qabarıb və dövlətləşmə prosesinə keçməsi sürətlənib. Bu baxımdan yanaşdıqda Dağlıq Qarabağın statusunun sülh yolu ilə həlli bir qədər çətinə düşür.
Sual: Və beləliklə baş qaldıran Qərb-Rusiya qarşıdurmasında Azərbaycan kimin yanında olmalıdır?
Cavab: Azərbaycan öz seçimini əlbəttə ki, onun ərazi bütövlüyünü müdafiə edən tərəfə yönəltməlidir. Amma Azərbaycan digər tərəfində də Rusiya kimi böyük ölkə olduğunu unutmamalıdır. Bu vəziyyətdə tarazlaşdırılmış siyasət yürütməlidir.
Sual: Türkiyə regiondakı ixtilafın aradan qaldırılması üçün Qafqaz Evi yaratmaq təşəbbüsünü irəli sürmüşdü. Amma Ankaranın bu təklifinə Vaşinqtonda o qədər də isti yanaşılmadı. Senator Luqar Turkiyəni təşəbbüsü ertələməyə çağırdı. O deyib ki, böhran Azərbaycanla Türkiyəni də təhdid edir...
Cavab: Türkiyənin bu təklifi bir qədər gözlənilməz və hazırlıqsız olmuşdu. Müharibə dövündə bu cür təkliflərin o qədər də həyata keçməsi şansı olmur. Onsuz da Gürcüstanda olanlar olub və Qafqaz Evinin bu saatdan sonra Tbilisiyə heç bir xeyri olmayacaq. Bu təşəbbüs olsa-olsa yalnız Qarabağ münaqişəsinə və Türkiyə-Ermənistan münasibətləri üçün bir platforma ola bilər. Rusiya ilə Gürcüstanı eyni çətir altında birləşdirmək daha mümkün deyil. Bu o deməkdir ki, Qafqaz Evi ideyası ölü doğulub. Amma regionda başqa bir platforma var: Qara Dəniz İqtisadi Əməkdaşlıq təşkilatı. Artıq Qara Dəniz bir rəqabət məkanı halına gəlib. Və beləliklə də təkbaşına Qafqaz evinin yerinə məncə daha geniş platforma olan Qara Dəniz İqtisadi Əməkdaşlıq təşkilatını bu cür münaqişələrin həlli üçün əsas tutmaq daha faydalı olardı.

XS
SM
MD
LG