"Azərbaycanın
təhlükəsizlik təminatına böyük ehtiyacı var". Bunu "Amerikanın səsı" radiosunda
keçirilən dəyirmi masada Azərbaycanın xarici məsələlər üzrə keçmiş dövlət
müşaviri, politoloq Vəfa Quluzadə bəyan edib.
O deyib ki, Rusiyanın
Gürcüstana təcavüzü Azərbaycana da hədədir:
"Gürcüstanla
Azərbaycan bir-birilərinə bağlıdırlar. Bizim birgə iqtisadi layihələrimiz, neft-qaz
kəmərlərimiz, birgə kommunikasiyalarımız var. Demək olar ki, iqtisadi və
geosiyasi baxımdan biz bir ölkəyik. Ona görə də Gürcüstan təhlükəyə məruz
qalanda, Azərbaycana da lazım olan zərbə dəyib".
Cənab Quluzadə deyib
ki, Dik Çeyninin regiona səfəri indiki vəziyyətdə "lap yerinə düşüb".
Belə ki, Amerikanın
vitse-prezidenti Azərbaycanın
təhlükəsizliyinə böyük diqqət yetirib. Politoloq bunu "Vaşinqtonun Bakıya böyük
dəstəyi" adlandırıb. Bununla yanaşı, o deyib ki, Azərbaycan NATO ilə
əlaqələrini bərqərar etməlidir.
Quluzadə onu da vurğulayıb ki, Çeyninin
Tbilisiyə səfəri Moskvanı bu ölkədəki neqativ planlarından ayrı salıb: "Amerika
sadəcə olaraq, Rusiyanın Mixail Saakaşvilini devirmək planları ilə
vidalaşmasına kömək etdi".
Politoloq deyib ki,
indi Qafqazda yeni vəziyyət yaranıb: "Artıq centlmen münasibətlərinə son
qoyuldu. Qafqazda yeni qarşıdurma əhval ruhiyyəsi əmələ gəlib". Belə ki, Rusiya
Qərbə qarşı enerji amilindən istifadə edərək, Azərbaycan və Gürcüstan kimi
ölkələri onların milli maraqları ilə hesablaşmadan öz təsirinə salmaq istəyir.