"Hazırda Minsk Qrupunun birlikdə işləməsi çətin məsələdir". Bunu
"Hadson" Araşdırmalar Mərkəzinin Avrasiya proqramının
direktoru Zeyno Baran "Amerikanın səsi"nə müsahibəsində ATƏT-in Minsk Qrupu həmsədrlərinin
regiona ayrı ayrılıqda səfər etmələrinə
münasibət bildirərkən deyib.
Ekspert deyib ki,
indiki vaxtda həmsədrlərin bir yerdə işləməsi real görünmür: "Bu, mənim şəxsi
fikrimdir. Qafqazda gərginliyin artdığı və
Amerikanın Rusiya ilə münasibətlərini yenidən nəzərdən keçirdiyi bir vaxtda
Minsk Qrupunun birlikdə işləməsi ən azı qısa bir müddət üçün real deyil".
Zeyno Baran diqqəti habelə son günlər
Qarabağ münaqişəsilə bağlı Rusiya və Türkiyənin ayrı-ayrılıqda diplomatik
səylərini intensivləşdirməsinə yönəldib. Onun firkincə, indi region uğrunda
nüfuz rəqabəti gedir.
"Hər kəs bölgədə bir
şeylər etməyə çalışır. Rusiya da Qafqazda möhkəmlənmək istəyir, Türkiyə də. Bu
təşəbbüslərin nə qədər bir-biri ilə koordinasia olunduğunu demək çətindir.
Deyilənlərə görə, hamı həll istəyir. Amma yanaşmalar fərqlidir. Tezliklə hər şey məlum olacaq", - deyə Zeyno Baran vurğulayıb.
Ekspert
onu da deyib ki, indi əsas sual Türkiyənin regionda
vasitəçilik səylərini Amerika və Rusiya ilə necə uzlaşdırmasıdır.