ABŞ prezidentlyinə namizədlər respublikaçı Con Makkeyn və demokrat Barak Obama maliyyə şirkətlərinə hökumətin yardım planına ayrı-ayrılıqda dəstək bildiriblər. Hər iki namizəd müstəqil müşahidə aparacaq qurumun yaradılması və ABŞ vergi ödəyənlərini qorumağı nəzərdə tutan 700 milyard dollarlıq plandan razı qaldıqlarını bildiriblər.
Con Makkeyn öz mövqeyini ABC Nyus tele-şirkətinə müsahibə, Barak Obama isə CBS tele-şirkətinə müsahibə zamanı açıqlayıb. Senator Makkeyn bildirib ki, planla bağlı müzakirələrə görə son bir neçə günü Vaşinqtonda keçirdiyi üçün bu həftə kampaniyanı davam etdirməyi planlaşdırır. O, sabah Ohayoda yürüş keçirməyi planlaşdırdığını deyib. Senator Obama kampaniyanı bu gün Miçiqanda davam etdirərək, sabah Kolorado ştatında tədbir keçirməyi planlaşdırır.