Accessibility links

Əli Həsənov: “Builki seçkilər əvvəlkilərdən şəffaf olacaq”


Azərbaycan Prezidentinin Icra Aparatının ictimai-siyasət şöbəsinin müdiri Əli Həsənov ölkədəki seçkiqabağı vəziyyətlə bağlı "Amerikanın səsi"nə müsahibə verib. Müsahibənin tam mətnini təqdim edirik:
Sual: Ölkədəki seçkiqabağı vəziyyəti necə qiymətləndirirsiniz?
Cavab: Hal-hazırda seçki təşviqatının ən qızğın çağıdır. Bu il prezidentliyə 7 namizəd qeydə alınıb. Və onların hər biri hazırda həm televiziya, radio və yazılı mətbuat vasitəsilə, həm də özlərinin canlı ğörüşləri ilə seçicilərinə platformalarını, planlarını, bu və ya digər ideyalarını çatdırırlar. Düşünürük ki, seçkiyə qədər qalan 7-8 gündə bu iş bir az da dinamik şəkildə davam etdiriləcək və oktyabrın 15-dək namizədlər nəzərdə tutduqları bütün qruplarla görüşlərini keçirə biləcəklər.
Sual: Bu günlərdə ATƏT Azərbaycanda seçkiqabağı vəziyyətlə bağlı aralıq hesabatı açıqlandı. Sənədə reaksiyanız necədir?
Cavab: Bu hesabatla tanış olmuşuq. Əlbəttə, burada bəzi neqativ hallar, çatışmazlıqlar haqqında da məlumatlar var. Amma bu açıqlamalar hər həftə verilir. Məqsəd də budur ki, sonrakı mərhələdə həmin problemlər aradan qaldırılsın. ATƏT-in müşahidə missiyasının rəhbəri ilə Prezidentin İcra Aparatında görüşlər keçirilib və bu hesabat müzakirə olunub. Hakimiyyət nümayəndələri hər kəsin üzərinə düşən öhdəlikləri və vəzifələri bilirlər. Bütün neqativ halların aradan qaldırılması üçün tapşırıqlar verilib, işlər gedir. Düşünürük ki, builki seçkilərdə biz keçən seçkilərdən daha hazır vəziyyətdə, daha etimadverici bir proses keçirə biləcəyik.
Sual: Seçkinin obyektiv qiymətləndirilməsi üçün müşahidəçilərə lazımi şərait yaradılacaqmı?
Cavab: Bəli. Hazırda ölkədə 41 nəfər müşahidəçi var. Bunların 13-ü Bakıda, 28 nəfəri regionlarda uzunmüddətli seçki müşahidəsini həyata keçirir. Oktyabrın 10-dan 13-dək ölkəyə gələcək digər 350 müşahidəçinin fəaliyyəti üçün lazımi şərait yaradılır. Builki seçkiləri ATƏT də başda olmaqla, onun Varşava bürosu, demokratik seçkilərlə bağlı digər qurumları, Avropa Komissiyası, Avropa Şurası və Avropada seçki müşahidə edən digər qruplar, birlikdə 380-ə yaxın müşahidəçi ilə izləyəcəklər. Bu müşahidəçilərin bütün məntəqələrdə tam, sərbəst müşahidə aparması üçün lazımi şərait yaradılıb. Seçki məntəqələri açılandan – yəni səhər saat 8-dən məntəqələr bağlanana vaxta, axşam saat 19.00-a qədər qədər, eləcə də, ondan sonra, qutuların açılması, səslərin hesablanması və protokolların hazırlanması da daxil olmaqla butun mərhələlərdə şəffaf seçki müşahidəsinə icazə verilib. Düşünürük ki builki seçkilərdə şəffaflıq dərəcəsi əvvəlki seçkilərdən qat-qat yüksək olacaq. Avropa müşahidəçilərindən başqa, müxtəlif ölkələrin seçki institutları, o cümlədən beynəlxalq təşkilatlar və Qeyri-Hökümət təşkilatları bütövlükdə Azərbaycana 700-ə yaxın seçki müşahidəçisi göndərəcəklər.
Sual: Gürcüstanda baş verən hadisələr də daxil olmaqla, beynəlxalq münasibətlərdə nəzərə çarpan son gərginləşmənin Azərbaycandakı seçkilərə hər hansı təsiri ola bilərmi?
Cavab: Əlbəttə, bunun seşkilərə birbaşa və ciddi təsiri olmayacaq. Çünki regionda baş verən hadisələr daha çox dövlətlərarası münasibətləri, beynəlxalq təhlükəsizlik və digər məsələləri əhatə edir. Seçki isə Azərbaycanın daxilində həyata keçirilər prosedir. Lakin istənilən halda regionda əgər narahatlıq varsa, seçici də, namizədlər də, seçkiləri təşkil edən institutlar da, eyni zamanda seçki ilə aidiyyatı olan digər dövlət qurumları da müəyyən prosesləri yaşamaq məcburiyyətində qalırlar. Gürcüstanda baş verən hadisələrin stabilləşməsi və artıq tədricən bu proseslərin nəticələrinin aradan qalxması, düşünürük ki, seçkilərə də öz müsbət təsirini göstərəcək.

XS
SM
MD
LG