Accessibility links

Jamestown Fondunda Türkiyə-Ermənistan münasibətlərinə dair forum


Jamestown Fondunda Türkiyə-Ermənistan münasibətləri mövzusunda forum keçirilib. Ankaranın Cənubi Qafqaz regionunda son təşəbbüslərinə və bu səylərin potensial müsbət aspektlərinə nəzər yetirilən tədbirdə Avropada Sabitlik Təşəbbüsünün aparıcı təhlilçisi Diba Nigar Göksel, və politoloqlar Armen Xarazyan və Pol Qobl çıxış ediblər.

Forumu giriş sözü ilə açan Qlen Hovard Türkiyə prezidenti Abdulla Gülün Ermənistana tarxi səfəri və bu səfərdən sonra regionda intensivləşən diplomatik səylərə diqqət yetirdi. Onun sözlərinə görə Rusiyanın Gürcüstana hərbi müdaxiləsindən sonra cərəyan edən olaylar Türkiyənin Cənubi Qafqazdakı rolunun genişlənməsi ilə müşaiyət olunur. Eyni zamanda Birləşmiş Ştatlar Ankaranın Cənubi Qafqazda göstərdiyi təşəbbüslərə müsbət münasibət bəsləyir.

Son aylarda Ermənistana bir neçə dəfə səfər etmiş Türkiyəli ekspert Diba Nigar Göksel Vaşinqtondan və Ankaradan regional problemlərə baxışlarda böyük fərq olduğunu önə çəkdi. Xanım Gökselin sözlərinə görə, yaxın keçmişədək ABŞ-ın regional siyasətinə dəstəkçi rolunda çıxış edən Ankara hazırda öz maraqlarını müstəqil kontekstdə dəyərləndirir. Bu xüsusda ekspert Türkiyənin Rusiya ilə istiləşən münasibətlərini qeyd etdi. Onun sözlərinə görə, Türkiyənin bir sıra siyasi-intellektual dairələri Rusiyaya Soyuq Müharibədən qalmış baxışlarına yenidən nəzər salır. Bəziləri güman edir ki, Moskva ilə əməkdaşlıq Türkiyənin regionda öz hədəflərinə yetişməsində yardımçı ola bilər. Hazırda Türkiyədə hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyası öz siyasətini praqmatik əsaslarda qurmağa çalışır. Bu baxımdan rəsmi Ankara Ermənistana doğru diplomatik jestlər göstərməklə münasibətlərdə yeni səhifə açmağa hazırlığını nümayiş etdirir. Bununla belə, Türkiyə-Ermənistan münasibətlərində tarixi fikir ayrılıqları və Dağlıq Qarabağ probleminin mövcudluğu başlıca maneələr kimi qalmaqdadır.

Amerikanın Erməni Assambleyasında Araşdırma və Təhlil Departamentinin direktoru vəzifəsində çalışmış və hazırda müstəqil politoloq qismində fəaliyyət göstərən Armen Xarazyan Türkiyə ilə Ermənistan arasında hələ 1990-cı illərdə başlayan təmaslara diqqət yönəltdi. Xarazyanın fikrincə, diplomatik münasibətlərin yoxluğuna və sərhədlərin qapanmasına baxmayaraq Ankara ilə Yereven arasında aşağı səviyyəli təmaslar Türkiyə prezidenti Abudllah Gülün Yerevana səfərinə zəmin yaratmişdı. Onun sözlərinə görə, hər iki dövlətdə münasibətlərin normal məcraya qayıtmasına maraq sezilir. Lakin rəsmi Yerevan israr edir ki, Türkiyə Ermənistanla danışıqlara şərtlər tətbiq etməsin. Ermənistan hökuməti hesab edir ki, Dağlıq Qarabağ probleminin və genosid haqda iddiaların aradan qaldırılmasını danışıqlarla əlaqələndirmək onların uğur şanslarını azaldır.

Politoloq Pol Qobl cərəyan edən proseslərə nikbinliyini izhar etməklə yanaşı, münasibətlərdə mövcud olan köklü problemləri nəzərdən qaçırmamağı tövsiyə etdi. Cənab Qoblun sözlərinə görə Rusiyanın Gürcüstana müdaxiləsi Cənubi Qafqazdakı münasibətlər kaleydoskopunu dəyişdi. Bunun müsbət və mənfi tərəflərini önə çəkən Qobl regionda Rusiyaya qarşı şübhələrin artdığını, eyni zamanda ABŞ-ın nüfuzunun azaldığını qeyd etdi. Ekspert onu da əlavə etdi ki, regionda mövcud olan problemlərin dərin kökləri var və güman etmək olmaz ki, hanısa bir hadisə qüvvələr balansını və geo-strateji münasibətləri qəflətən dəyişsin. Bu mənada o, diqqəti Türkiyənin uzun müddətli və geniş maraqlarına yönəltdi ki, burada Ankaranın Orta Asiya və Cənubi Qafqazdakı məqsədləri nəzərə alınmalıdır. Ekspert əlavə etdi ki, Rusiya regiondakı münaqişələrin çözülməsində maraqlı deyil və hazırda gedən danışıqların mütləq hansısa razılıqla nəticələcəyini güman etmək yanlış olardı.
XS
SM
MD
LG