Accessibility links

İranda azyaşlıların edamı davam edəcək


Bir müddət öncə İran Ali Məhkəməsinin rəsmiləri 18 yaşından əvvəl cinayət törəmiş şəxslər haqqında edam cəzalarının verilməsi hallarının dayandırılacağını bildirmişdi. Rəsmi açıqlamalara görə, yeniyetmələr haqqında çıxarılmış ölüm hökmləri 15 ildən ömürlük həbslərədək azadlıqdan məhrum edilmə cəzaları ilə əvəzlənəcək. İnsan hüquqlarını müdafiə təşkilatlarının və haqqında edam qərarı verilmiş gənc məhkumların böyük sevinclə qarşıladığı bu xəbərin daha sonra qismən təkzib olunması ciddi etirazlara səbəb olub. İranın Ədliyə Nazirliyinin rəsmisi Həsən Zabhinin dediyinə görə, yenicə qəbul olunmuş qərar “qisas” maddəsinə şamil olunmayacaq. Onun bildirdiyinə görə qisasa aid olan cinayətlər haqda hökümət deyil, vətəndaşlar qərar verə bilərlər. Bununla da İran rəsmiləri qətl kimi cinayətlərə görə edama məhkum olunanlar üzərində ölüm cəzalarının icrasının davam edəcəyini təsdiq etmiş olub.

Bir sıra qurumlar o, cümlədən Beynəlxalq Amnistiya Təşkilatı bu xəbəri narahatlıqla qarşıladığını bildirən bəyanatla çıxış edib. Təşkilat bildirir ki, İran hökümətinin 18 yaşından aşağı yeniyetmələrə qarşı edam cəzasını aradan qaldırılmaqla bağlı ilk açıqlaması beynəlxalq ictimai rəyi azdırmaq məqsədi ilə yayılıb.

Beynəlxalq Amnistiya İranın dini rəhbəri Ayətulla Əli Xameneyini bu məsələyə müdaxilə etməyə çağırıb. Təşkilatının Yaxın Şərq Programının təmsilçisi Hasiba Şahruinin bildirdiyinə görə, Əli Xameneyi bu məsləni birdəfəlik həll edə və bu məsələ ilə bağlı “beynəlxaq ictimaiyyəti aldatma məqsədi ilə aparılan “söz oyunu”na son qoya bilər. Beynəlxalq Amnistiyanın məlumatına görə hal-hazırda 130 yeniyetmə edam növbəsini gözləyir.

Başqa beynəlxalq qurumlar o, cümlədən SOS Torture -İşgəncələrə Qarşı Beynəlxalq Təşkilat - İran rejimindən Beynəlxalq Uşaq Hüquqları ilə bağlı öhdəliklərini yerinə yetirməsini tələb edir. SOS Torture edam hökmünün ləğv edilməsi haqda parlamentdə müvafiq qanun qəbul edilməsinin vacibliyini vuğulayir və İran hökümətini ümumiyyətlə azyaşlıların edamını dayandırmağa çağırıb. İnsan hüquqlarını müdafiə təşkilatları bildirir ki, edamların sayına görə İran Çindən sonra dünyada ikinci yeri tutur.

XS
SM
MD
LG