Accessibility links

Avropa Birliyinin rəsmisi: `Pul da var,  siyasi iradə və cəsarət də…`


Qərb dairələri Avropanın enerji mənbələrinin müxtəlifləşməsi işində Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin bu gün və sabah Aşqabadda keçirilən birgə müzakirələrinə ümidsiz yanaşdıqları halda, Avropada bu məsələ ilə bağlı nikbindirlər. Baxmayaraq ki, birlik nümayəndələri hesab edirlər ki, Gürcüstandakı münaqişə «Nabucco» qaz kəmərini müəyyən dərəcədə söndürə bilib. Xüsusilə də Rusiya Gürcüstanın separatçı bölgələrini müstəqil dövlət kimi tanıyandan sonra, sərmayəçilərin «Nabucco»ya pul qoyacaqları barədə şübhələr yaranıb.

Ancaq Aşqabadda Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin tarixi sammiti ərəfəsində səslənən bəyanatlar üç Türk dövlətinin Avropanın enerji asılığını azaltmaq təşəbbüsləri ətrafında müxtəlif mülahizələr doğurur.

Məsələn belə suallar var ki, Azərbaycanla Türkiyə öz aralarınsa qaz nəqlinin kommersiya qiymətlərini razılaşdıəra bilmədiyi halda, Türkmənistanı necə yola gətirəcəklər? Başqa mülahizələrdə isə qeyd olunur ki, Bakı ilə Aşqabad enerji resurlarının nəqlində Qərblə Rusiya arasında seçimlərini qətiləşdirə bilməyib.

Mülahizələrdən biri də Nabukko layihəsinin ümumiyyətlə real olmamasıdır, baxmayaraq ki, Amerika və Avropa xeyli vaxtdır Bakı ilə Ankaranı türkmən liderlərini bu işə həvəsləndirməyə səsləyirlər.

Bu gün Aşqabadda bir araya gələn İlham Əliyevlə Qurbanqulu Berdiməhəmmdov bəyan ediblər ki, Türkmənistan və Azərbaycan özlərinin enerji təhlükəsizliyini tam təmin ediblər və indi də başqa ölkələrin enerji təhlükəsizliyinin təminatında mühüm rol oynamaqdadırlar. Gözlənilir ki, sabah bu iki prezidentin Abdulla Gülün iştirakı ilə keçiriləcək üçtərəfli danışıqlarında Nabukko layihəsinin taleyilə bağlı mühüm qərarlar verilə bilər. Ancaq siyasi təhlilçilər bəribaşdan Aşqabad danışıqlarının effektivliyini onun mümkün nəticələrinə Avropa Birliyi tərəfindən yüksək təminat verilməsi zərurəti ilə əlaqələndirirlər.

Aşqabad danışıqlarını kənardan izləyən Avropa rəsmiləri isə diqqəti ona yönəldirlər ki, Birlik özünün Rusiya qazından asılılığını azaltmaq üçün bu layihəni dəstəkləsə də, onun qarşısında maliyyələşdirmə və siyasi amillər daxil olmaqla bir sıra çətinliklər durur.

Avropa Birliyinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə İqtisadi Mərkəzinin koordinatoru Pyer Morell Ameirkanın səsinə müsahibəsində deyib ki, onlar prosesi diqqət mərkəzində saxlayırlar, amma bütün hallarda nikbindirlər ki, layihəni həyata keçirə biləcəklər.

Cənab Morellə görə, layihənin gerçəkləşməsi üçün lazım olan siyasi iradə hamıda var – həm kəmərin keçəcəyi ölkələrdə, həm də onu qazla təmin edəcək dövlətlərdə…

“Məncə, burda habelə deyilməlidir ki, indi biz bir çox bazar qüvvələrinin idarə etdiyi dünyada yaşayırıq. Konkret olaraq, Azərbaycanla Türkmənistana gəldikdə, hərçənd ki, burda həm də resursların istismarı ilə məşğul olan neft şirkətləri var, onların mövqeləri koordinasiya olunmalıdır. Vəziyyət belə gətirib ki, ölkə və şirkətlər enerji mənbələrinin Avropa və başqa bazarlara çıxarılması üçün ən yaxşı yol və üsulları tapmalıdırlar. Və burada bildiyimiz kimi bir çox variantlar var. Amma hər ölkə öz maraqlarını üstün tutmalıdır. «Nabukko» ilə bağlı demək olar ki, onu həyata keçirmək üçün çatışmayan heç nə yoxdur – pul da var, siyasi iradə və cəsarət də… Lakin bəzən çətinliklər olur və biz onların necə çözüləcəyini bilmirik. Məncə, burda məsələ Türkmənistan, yaxud Avropanın siyasi iradəsində deyil. Biz azad dünyada yaşayırıq və dövlətlər öz malını hara, necə və nə vaxt satmaq barədə qərar verməlidirlər”.

Avropa rəsmisi deyir ki, Brüsseldə İlham Əliyevin bir neçə gün əvvəl İtaliyada verdiyi bəyanatları müsbət qarşılayıblar, belə ki, orada Əliyev Nabukko layihəsinə müsbət baxdığını deyib. Amma əlavə edib ki, kəmərin reallaşması təkcə Azərbaycandan asılı deyil.

Morell hesab edir ki, prezidentin bu bəyanatı Azərbaycanın öz qazının Avropaya alternativ yollarla nəqlində maraqlı olmasına işarədir. Onun fikrincə, indi növbə Türkmənistanındır.

Bəs Aşqabadda tərəflər Nabukko kəmərinə dəstək verərlərsə, o zaman bu dövlətlərin Rusiya ilə münasibətləri necə olacaq? Axı Moskva artıq Azərbayxcan qazının tam həcmini yüksək qiymətlərlə almağı təklif edib. Avropa rəsmisinin bu barədə sualımıza cavabı belə oldu…

“Məncə, bu, çox yaxşı təklifdir. Xüsusilə də kommersiya maraqları baxımından Azərbaycan üçün cəlbedicidir. Amma Rusiyada yəqin başa düşürlər ki, Avropa Birliyi üçün məsələ qapanıb. Məncə Bakıda da anlayırlar ki, Rusiya marşrutu bütün hallarda Avropaya neft və qaz nəql edən müxtəlif yollardan biri kimi qalır. Elə isə Azərbaycan özü niyə həmin yollardan biri olmasın? Qazı hara satmaq əlbəttə Bakının öz qərarıdır amma mən sual edirəm – suda üzə bilənin qayıqda nə işi var?

Ekspert deyir ki, bu məsələyə Avropa Birliyi ona görə qarışmır ki, o hansısa qaz təchizatı şirkəti deyil. Buna görə də Birlik Bakıya alternativ təklifi belə sadə şəkildə verə bilmir. Amma sual yaranır ki, Azərbaycanda Avropaya qazı cənub dəhlizi ilə, müstəqil şəkildə keçirmək istəyirlər, yoxsa kiminsə əlaltısına çevrilməklə. Ekspert yada salır ki, Nabukko reallaşsa bu Azərbaycanın transit ölkə kimi də rolunu və beynəlxalq imicini artıracaq.

Nəzərdə tutulub ki, üç min kilometrlik «Nabucco» kəməri Orta Asiya qazını Azərbaycandan keçməklə Avropanın mərkəzinə, Avstriyaya daşıyacaq. Kəmər tikilsə, Azərbaycanın öz enerji ehtiyatları qurtarandan sonra da regionda əhəmiyyətini saxlayacaq.

XS
SM
MD
LG