Hazırda beynəlxalq kuluarlarda Azərbaycanla bağlı müzakirə olunan məsələlər arasında Dağlıq Qarabağ münaqişəsilə yanaşı, eləcə də gələn ildən ölkədə xarici yayımların məhdudlaşdırılacağı ilə bağlı ölkə rəsmilərinin bəyanatlarıdır. ABŞ və Avropa dövlətləri təkidlə Azərbaycan tərəfini bu qərarı rəsmiləşdirməməyə çağırırlar, belə ki xarici radioların yayımı Qərbin rəsmi Bakı ilə münasibətlərinin bir hissəsidir.
Helsinkidə keçirilmiş ATƏT sammiti zamanı da təşkilatın Media azadlıqları üzrə nümayəndəsi Miklos Haraşti Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarovla görüşərək, Amerikanın səsi, BBC və Azadlıq radiolarının məsələsini müzakirə edib.
Haraşti hesab edir ki, indi Azərbaycan hökümətinin xarici radiolarla bağlı atmalı olduğu ən düzgün addım hazırkı qanunları dəyişmək və bununla da, bu radioların fəaliyyət göstərmələrinə icazə verməkdir. Sadəcə ona görə ki, Azərbaycan əhalisi bu radiolara öyrəşib. ATƏT-in nümayəndəsi deyir ki, bu, onların informasiya baxımından gündəlik qidasıdır və belə qərar radioların bağlanması insanların plüralist, çoxtərəfli, çoxlu səsləri efirə çıxaran xəbər mənbələrini əllərindən alacaq.
“Azərbaycada radiolar çox deyil, olanlar da bu cür xəbərlər vermir. İnanıram ki, bu qanun əsasında qərar qəbul etmək, ATƏT qarşısında götürülmüş öhdəliklərin pozulması, bu qanunun dəyişdirilməsi isə ATƏT-in öhdəliklərinin yerinə yetirilməsi olacaq”.
Cənab Haraşti, Azərbaycanın xarici işlər naziri ilə görüşü barədə isə aşağıdakıları deyib:
"Mənum cənab Məmmədyarovla görüşüm maraqlı oldu və mən hökümətin bu qərarı ilə bağlı öz dərin narahatlığımı və narazılığımı bidlirmişəm. Çünki bu qərar mövcud plüralizmin azaldılmasına xidmət edəcək. Bunu inkişafa aparan bir qərar kimi təqdim etmək olmaz. Bu, internetin və yaxud peyk və ya kabel vasitələrindən istifadənin gücləndilrilməsinə xidmət kimi təqdim olunmamalıdır. Çünki radio, xüsusilə də FM dalğalarında plüralistik informasiyanı təmin edən xəbər radiokanalları təbii mediadır və belə informasiyaların daşıyıcılarıdır. İnternet isə hələ də tam inkişaf etməyib, hətta Qərbin özündə də. İnternetdən yalnız radioların köməkçi vasitələri kimi istifadə olunur".
Cənab Haraşti deyib ki, məsələnin mahiyyəti Azərbaycanın ATƏT qarşısında öhdəlikləridir: “Ölkədə plüralizmi sıxışdırmamaq və əksinə, onu daha da artırmaq, müdafiə və inkişaf etdirmək ATƏT qarşısındakı ciddi öhdəliklərdəndir. Radioların yayımı dayandırılarsa, ATƏT qarşısında götürülmüş bu iki əsas öhdəlik pozulmuş olacaq”.
Azərbaycan hökümətinin gələn ildən etibarən milli tezliklərdə xarici radiostansiyaların yayımını dayandırmaq planları Vaşinqtonda da narahatlıqla izlənir. Freedom House təşkilatı bu günyaydığı bəyanatda bəyan edib ki, bu plan reallaşsa, onda ölkənin mətbuat azadlığı sahəsində onsuz da qüsurlu imicinə ciddi xələl dəyəcək. Təşkilat hesab edir ki, Azərbaycan rəsmilərinin bu niyyəti tənqidi susdurmaq üçün uzun illər davam edən kampaniyanın daha bir mərhələsidir.