Accessibility links

Azərbaycanlı fəallar kütləvi təqiblərə qarşı bəyanat yayıb


500-dən çox azərbaycanlı Tehran hökümətinin İrandakı azərbaycanlıların hüquqları uğrunda mübarizə aparan fəallara qarşı həyata keçirdiyi təqib və təzyiq siyasətini pisləyən bəyanatla çıxış ediblər. Bəyanat müəlliflərinin dediyinə görə, tanınmış azərbaycanlı fəallara qarşı təqib və həbslərin gücləndirilməsi ciddi narahatlıq doğurur. Onların fikrincə, son zamanlar onlarla azərbaycanlı fəalın həbs edilməsi və bəzi fəallar barədə ağır məhkəmə qərarlarının çıxarılması İrandakı azərbaycanlıların mədəni və vətəndaş hüquqları uğrunda hərəkatın susdurulması məqsədi ilə növbəti planların tətbiq edilməsindən xəbər verir. Bəyanata imza atanların dediyinə görə, bu ilin sentyabr ayında Tehranda iftar yığıncağında bir araya gələn azərbaycanlıların kütləvi olaraq həbs edilməsindən sonra Məşrutə inqilabının qəhrəmanı, Səttarxanın anılması tədbirinə təhlükəsizlik qüvvələrinin hücumu, tədbir iştirakçılarının, o cümlədən Tehran Universitetinin müəllimi Abdulla Abbasi Cavan, Hüseyn Hüseyni və başqalarının həbs edilməsi qəbul edilməzdir. Sərbəst toplaşmanın ilkin insan hüququ olduğunu təsbit edən Beynəlxalq İnsan Haqları Bəyannaməsinin 20-ci maddəsinə istinad edən bəyanat müəllifləri habelə dinc yığıncaqlar zamanı həbs olunan azərbaycanlı fəallarının həbsinin tam əsassız olduğunu bəyan edirlər. Tanınmış yazıçı Məhəmmədrza Ləvai, jurnalist Şahnaz Qulami və başqalarının həbsini qətiyyətlə pisləyən bəyanat müəlliflərinin bildirdiyinə görə, həbs olunan azərbaycanlı fəalların hamısı beynəlxalq qaydalara və İran konstitutsiyasına uyğun olaraq fəaliyyət göstərən və öz əqidələrini yalnız dinc üsullarla ifadə edən şəxslərdir.
500 azərbaycanlı fəal, yazar, şair və ziyalının imzaladığı bəyanatda, Azərbaycan mədəni fəallarına qarşı tətbiq edilən siyasətin təssüf doğurduğu vurğulanır, azərbaycanlı fəallara qarşı davamlı həbsərin dayandırılması və həbsdə olan fəalların dərhal azad olunması tələb edilir.

XS
SM
MD
LG