Azərbaycanlı
fəal Abdulla Abbasi Cavan həbsxanada aclıq aksiyası keçirir. “Azad Təbriz”
bildirir ki, təxminən bir ay əvvəl Azərbaycan milli qəhrəmanı, Səttarxanın anım
tədbiri zamanı həbs olunan Tehranın Şəhid Rəcai Universitetinin müəllimi
Abdulla Abbasi 5 gün əvvəl aclıq aksiyasına başlayıb. Başqa bir məlumata görə, cənab Abbasinin qardaşı, Yədulla Abbasi
Tehranın İslam İnqılabı Məhkəməsinin 20-ci şöbəsinin Təhlükəsizlik İdarəsinə
müraciət edərək, qardaşı ilə görüşə icazə verilməsini xahiş edib. İnqilab Məhkəməsinin
rəsmiləri isə Abdulla Abbasinin həbsindən xəbərsiz olduqlarını bildiriblər.
Qeyri-rəsmi məlumata görə, cənab Abbasi bundan öncə ailəsinə bir dəfə telefonla zəng edərək, Tehranın “Evin” Həbsxanasının 209 saylı təcridxanasında saxlandığını bildirib. “Evin”dən yenicə azad edilən fəallar da cənab Abbasinin həmin həbsxanada olduğunu və qanunsuz həbsinə qarşı etiraz əlaməti olaraq aclıq aksiyası keçirdiyini təsdiqləyiblər. Bundan başqa cənab Abbasinin həbs olunması zamanı saxlanılmış şəxsi avtomobili qısa müddət sonra Ettelaat əməkdaşları tərəfindən onun ailə üzvlərinə təhvil verilib.
Abbasi ilə birlikdə həbs olunan onun bacısı oğlu, Ərdəbilli fəal Hüseyn Hüseyinin də vəziyəti barədə məlumatsızlıq onların ailə üzvlərinin narahatlığına səbəb olur. “Öyrənci”nin bildirdiyinə görə isə, Abbasinin ailəsi onun həbsi barədə faktın İnqilab Məhkəməsi tərəfindən inkar edilməsini məhbus ailəsinə qarşı əlavə təzyiq və “ psixoloji işgəncə” kimi dəyərləndirir və beynəlxalq insan haqları təşkilatlarından təcili yardım istəyir. Tehranın Şəhid Rəcai Universitetinin müəllimi, Abdulla Abbasi ötən il həbs olunaraq, 3 ay “Evin” həbsxanasında saxlandıqdan sonra müvəqqəti azadlığa buraxılmışdı. Daha sonra isə Tehranın İslam İnqılabı Məhkəməsi onun barəsində bir il şərti olaraq azadlıqdan məhrum etmə qərarı çıxarmışdı.