Accessibility links

ABŞ Mətbuatı: Obama administrasiyasına iqtisadi tövsiyələr


Washington Post qəzetinin yazarı Farid Zakariya Prezident Barak Obamanı azad dünyanın bərqərar olmasına təkan vermiş kapitalizmi xilas etməyə çağırır. Zakariyanın yazdığına görə cənab Obamanın birinci görməli olduğu iş Amerikalılarda və bütün dünya boyu etimadı geri qaytarmaqdır.İnsanların böyük əksəriyyəti hazırda bədbindirlər. Hökumətin müxtəlif növ xilas paketlərinə baxmayaraq, iqtisadiyyatın döyünən ürəyi olan kredit bazarları iflic vəziyyətindədir.Müəllifin yazdığına görə insanları sakitləşdirməkdə nümunə kimi yeni prezident depressiya dönəmində həftəlik radio çıxışlarına görə tanınan Franklin Ruzveltə istinad edə bilər.Növbəti addım isə insanlarda maliyyə sisteminin sabit və dayanıqlı olması haqda hiss yaratmaqdır.Nə qədər qəribə də olsa hökumətin bazara daimi müdaxiləsi bu hissi gücləndirmək əvəzinə daha da zəiflədib.Prezident Obamanın bu sahədə aparacağı islahatlar və həmin islahatların uğuru onun xarizmasına olan ümidlərin taleyini həll edəcək.

New York Times qəzetinin yazarı Pol Kruqman da iqtisadçı kimi öz tövsiyələrini növbəti ABŞ prezidenti ilə bölüşür.İqtisadi nəzəriyyə üzrə Nobel mükafatı laureatının yazdığına görə qarşıdan gələn aylarda bəlkə də bütün ilboyu iqtisadi baxımdan çox çətin olacaq. Lakin Obamanın iqtisadi bərpa proqramı işə düşdükdən sonra, 2010-cu ildə o, vəziyyətin tədircən düzələcəyini güman edir. Kruqmanın sözlərinə görə əsas Obamanın vəziyyət düzələndən sonra atacağı addımlardır.Əgər yeni administrasiya əvvəl yol verilən səhvlərdən nəticə çıxarmasa onda ABŞ iqtisadiyyatını yenidən süni şişmələr gözləyir ki, bu, İnternet və ev bazarında böyük böhrana səbəb olmuşdu.

Kruqmanın rəyinə görə iqtisadiyyatın davamlı şəkildə bərpa edilməsi üçün ABŞ-ın ticarət kəsiri təcili endirilməlidir.Bu üzdən ABŞ-da istehsal gücləndirilməli və Amerika məhsulları xarici bazarlara çıxarılmalıdır.Buna əngəl törədən faktorlar dolların başqa valyutalarla müqayisədə güclənməsidir ki, bu da ABŞ ixracatına maneçilik törədir.Bununla belə federal hökumət istehsal sahəsinə ciddi diqqət yetirməli və iqtisadiyyata pul axıtmaqda davam etməlidir.İqtisadiyyat azacıq bərpa olunandan sonra administrasiyaya qarşı xərcləri azaltmaq üçün təzyiqlər artacaq.Kruqman ümid edir ki, Obama administrasiyası Ruzvelt 1937-ci ildə edən kimi xərcləri kəsmək və vergiləri qaldırmaqla iqtisadiyyatı növbəti depressiyaya düçar etməyəcək.

XS
SM
MD
LG