Accessibility links

Rəşid Hacılı: `Dəyişikliklər jurnalistin informasiya almaq hüququnu məhdudlaşdıracaq`


Azərbaycanın müstəqil media ekspertləri ölkədə şəxsin iradəsi əleyhinə video, audio və foto çəkilişlərinin qadağan edilməsi ilə bağlı Konstitusiyaya təklif olunan dəyişikliklərdən narazıdırlar. Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı mövzu ilə bağlı “Amerikanın səsi”nı aşağıdakıları deyib:

“Hər halda, Konstitusiyanın 32-ci maddəsinə nəzərdə tutulan bu dəyişiklik şəxsi və ailə həyatının qorunması ilə bağlı olduğundan bu, Avropa İnsan Haqları Konvensiyasının 8-ci maddəsi ilə də qorunan məsələdir. Azərbaycan həmən sənədi qəbul etdiyinə görə, bütün hallarda hər hansı dəyişiklik sözügedən beynəlxalq qanunvericiliyin işığında şərh olunmalı və o cür də tətbiq edilməlidir. Əks halda, baş verəcək bütün hallar 8-ci maddənin pozuntusu olacaq…

İndiki halda jurnalistə hər hansı foto, video çəkiliş aparmaq və yaxud səs yazmaq heç bir halda qadağan deyil. Sadəcə, çəkiliş aparmaq yalnız o halda qadağandır ki, o, ailə həyatı ilə bağlı gizlin informasiyaların toplanmasından ibarət olsun – bu, Cinayət Məcəlləsi ilə qorunan məsələdir. Amma bütünlükdə belə bir qadağa yoxdur. Beləliklə, bu, Azərbaycanda normal praktika idi…

Konstitusiyaya edilən dəyişiklik isə bu sahədə çox ciddi məhdudiyyətlər qoyur. Hətta bu məhdudiyyət göstərir ki, yalnız qanunda nəzərdə tutulan hallarda hər hansı şəxsin razılığı olmadan çəkiliş aparmaq qadağandır. Qanunlar isə prosesləri hərtərəfli tənzimləmir…

Bir yandan baxanda bu gün Azərbaycanda doğrudan da özəl həyatın qorunması ilə bağlı çox ciddi problemlər var və bu problemləri yaradan jurnalistlər deyil. Amma təəssüf ki, indi tətbiq olunan qayda daha çox mediaya qarşı yönəlib. Deyəsən, bütün təzə qaydalar medianın başında çatlayır və bu, yeni problemlər yaradacaq. Hərçənd, bütünlükdə həm mobil xidmət operatorları vasitəsilə, həm də müxtəlif dövlət qurumları - xüsusilə də hüquq-mühafizə orqanları, axtarış əməliyyatları ilə məşğul olan qurumlar insanların şəxsi həyatına hörmətsizcəsinə müdaxilə edirlər. Çəkilişlər küçədə də, hər yerdə aparılır. Amma bundan necə istifadə olunması ilə bağlı məlumat və yaxud normal qanunvericilik yoxdur. Çox təəssüf ki, məsələni belə qoymaq əvəzinə, məhz elə qoyulur ki, bu, son nəticədə jurnalistin informasiya almaq hüququnu məhdudlaşdıracaq. Prinsipcə, Azərbaycanda qanunlar heç nəyi dəyişmir, amma Konstitusiyaya belə bir müddəanın yazılmasına da ehtiyac yoxdur".

XS
SM
MD
LG