Accessibility links

İranda Azərbaycan dilində olan ticarət obyektlərinin adları dəyişdirilir


İranın Ərdəbil vilayətinə daxil olan Germi şəhərində müəssisə sahiblərindən biri İslam İnqılabı Məhkəməsinə çağırılıb. Yerli mənbələrin bildirdiyinə görə, “Çənlibel” müəssisəsinin sahibi Şəhruz Əsədi, sahib olduğu müəssisənin adına görə “İran dövlətçiliyinə qarşı fəaliyyətdə” ittiham olunaraq, təhlükəsizlik organları tərəfindən məhkəməyə verilib.

Germi Şəhəri təhlükəsizlik idarəsi əvvəllər də Əsədidən müəssisəsinin adını dəyişdirməyi tələb edibmiş. Bunun ardınca iş adamının ofisinə basqın edən Ettelaat əməkdaşları onun mağazasının Azərbaycan türkcəsində olan reklam lövhələrini sökmüş, bəzi avadanlıqları götürmüş, Əsədinin özünü isə həbs etmişdilər. Sonralar iş adamı təcridxanada dindirildilərək müvəqqəti zaminə buraxılmışdı.

İrandakı mənbələrin məlumatına görə, son vaxtlar ölkənin Təbriz və başqa şəhərlərində adı Azərbaycan türkcəsində olan 600-ə yaxın ticarət obyekti, şirkət, mağaza və müssisənin adlarının dəyişdirilməsinə məcbur edilib. Hakimiyyət nümayəndələri azərbaycanlı dükan, şirkət və müəssisə sahiblərinə xəbərdarlıq edərək, farsca olmayan adları dəyişdirməyəcəkləri təqdirdə, şirkətlərin fəaliyyətlərinin dayandırılacağını bildirib. “Azad Təbriz”in verdiyi məlumata görə, “Ana”, “İlqar”, “Sarı tel”, “Ayatay”, “Türk” və bu kimi adları daşıyan ticarət obyektləri və müəssisələrinin adları artıq dəyişdirilib.

XS
SM
MD
LG