Accessibility links

Azərbaycan Avropa Şurası ilə münasibətlərinə yenidən baxacağını elan etdi


Azərbaycanda rəsmi səviyyədə Avropa Şurasına qarşı narazılıqlar səslənməyə başlayıb. Bu narazılıqları ökənin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu gün Milli Məclisdə dilə gətirib.

O deyib ki, Avropa Şurası Azərbaycanda problemlər axtarır, belə ki, ölkədə gedən prosesləri gözardına vuraraq, insan haqlarının pozulması və siyasi məhbusların mövcudluğu ilə bağlı məruzəçi təyin etməyə cəhd göstərir.

Cənab Seyidov deyib ki, bu narazılıq dövlət başçısı səviyyəsindədir və o, həm prezidentin, həm də Milli Məclisin mövqeyini Strasburqa – Avropa Şurasına çatdırıb. Nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, belə getsə, Azərbaycan Avropa Şurası ilə münasibətlərini dəyişdirəcək.

Biz az əvvəl cənab Seyidovla əlaqə yaradaraq, narazılığının səbəbi barədə danışmağı xahiş etmişik:

Sual: Azərbaycanın Avropa Şurasından narazılıqları nəyə köklənib?

Cavab: Biz dəfələrlə təkrar edirik ki, biz Qərb siyasətindən əl çəkən deyilik. Ona görə ki, qərbmeylli inkişaf Azərbaycan xalqının seçimidir. Ancaq biz öz inkişafımızda çox ciddi və düzgün qərarlar verməliyik. Onların da əsası bizə olan münasibətdir. Biz nə etmişiksə, yalnız Qərb istiqamətində inkişafa xidmət etmişik. Biz Bakı-Tbilisi-Ceyhanı yaratmışıq, Bakı-Tbilisi-Ərzurumu reallaşdırmışıq, Nabukkonun həyata keçirilməsində maraqlıyıq və bu istiqamətdə fəaliyyət göstəririk, Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolunu tikməkdə israrlıyıq, Azərbayca-Amerika münasibətlərinin inkişafında isralıyıq. Ancaq bunların əvəzində nə görürük? Azərbaycana siyasi məhbuslarla bağlı məruzəçilərin təyin olunması cəhdləri, Azərbaycana qarşı ikili standartlarla yanaşma və Azərbaycana təzyiq, təzyiq, yenə də təzyiq.

Biz bu təzyiqə heç də təəccüblənməzdik. Ancaq görəndə ki, Azərbaycanla yanaşı, regionda olan başqa dövlətlərdə vəziyyət qat-qat pisdir, orada hətta danışılmayacaq dərəcədə pis olsa da, o ölkəyə münasibət tamamilə fərqlidir. Bu, əlbəttə ki bizə təsir göstərir.

Azərbaycan həm iqtisadi, həm də siyasi cəhətdən regionda lider olan dövlət kimi, bu cür qurumlarla öz münasibətlərinə yenidən baxmağa səlahiyyətlidir və buna ixtiyarı da var.

Sual: Vəziyyət belə davam etsə, Azərbaycanın Avropa Şurasına münasibətini dəyişəcəyini dedikdə siz nəyi nəzərdə tutursunuz?

Cavab: Gəlin konkret olaraq açıqlayım ki, biz Avropa Şurası ilə münasibətlərimizi dəqiqləşdirəndə nəyi nəzərdə tuturuq. Azərbaycanın maraqlarına, inkişafına və Avropaya istiqamətdə real inteqrasiya prosesinə xidmət edən tövsiyələr nəzərə alınmalı, həyata keçirilməli və Azərbaycanda yayılmalıdır.

Amma o məsələlər ki, Azərbaycanın maraqlarına ziddir, içərisində ikili standartlar daşıyır və Azərbaycana qarşı sadəcə, təzyiq kimi təqdim olunur, o məsələlər həyata keçirilməməlidir və bu barədə açıq-aşkar, heç nədən çəkinmədən bəyan etmək lazımdır.

XS
SM
MD
LG