Accessibility links

Azərbaycan silah qalmaqalı ilə bağlı Rusiyaya nümayəndə heyəti göndərir


Azərbaycanın Milli Məclisi Rusiyanın Ermənistana 800 milyon dollar dəyərində silah bağışlaması iddialarını araşdırmaq üçün Moskvaya deputat missiyası göndərmək qərarına gəlib. Kreml Ermənistana hərbi texnika ötürmədiyini rəsmi şəkildə bildirsə də, Bakı bu iddiaların tam araşdırılmasını istəyir.

Bir aya yaxındır ki, iki ölkə arasında yaşanan diplomatik soyuqluq bu silahların Ermənistana ötürülməsinə dair sövdələşməni ehtiva edən rəsmi sənədin ötən ay Azərbaycan kütləvi informasiya vasitələrində dərcinə əsaslanır. Moskva bu sənədi inkar edir, orada adı çəkilən Rusiya hərbçisinin də silahların Ermənistana bağışlanması barədə əməliyyata qol qoymadığını bildirir.

Buna baxmayaraq artıq bu məsələ diplomatik müstəvini aşaraq, iki ölkənin hərbi və digər qurumları arasında da müzakirə mövzusuna çevrilib. Ötən həftə Rusiya Xarici İşlər Nazirliyi Bakının etiraz notasına verdiyi cavabda silah satışını inkar edərək, bununla da mövzuya nöqtə qoyulmasını tövsiyə etmişdi.

Amma Bakı bu cavabdan məmnun qalmadı. Əvvəlcə Azərbaycan diplomatları Rusiyanın Ermənistanı silahlandırması barədə rəsmi bəyanatlarını İslam Konfransı Təşkilatında yaydılar. Bunun ardınca Azərbaycan müdafiə nazirinin məsələni müzakirə etmək üçün Moskvaya yollandığı bildirildi.

Düzdür, nazirlik rəsmilərinin açıqlamalarında bu səfərin birbaşa silah qalmaqalı ilə əlaqəsindən bəhs olunmur, amma parlamentin spikeri Oqtay Əsədov hazırda Bakı ilə Moskva arasında məsələ ilə əlaqədar hərbi və diplomatik səviyyədə yüksək səviyyəli danışıqlar getdiyini etiraf edib. Yaxın zamanlarda habelə Rusiya xarici işlər nazirinin Azərbaycana səfəri nəzərdə tutulub.

Bununla yanaşı, Azərbaycan parlamenti də problemi müzakirə etmək üçün Rusiya Dumasına rəsmi missiya göndərmək niyyətindədir. Oqtay Əsədov deyib ki, bütün bu təmaslar Rusiyanın Ermənistana silah bağışlaması iddialarının tam araşdırılmasını hədəfləyib.

Rusiyalı politoliq, Moskva Dövlət Universitetinin Cənubi Qafqaz regionu üzrə araşdırmaçısı Aleksey Vlasov ümid edir ki, bu məsələ ilə əlaqədar Moskvaya göndərilən Azərbaycan nümayəndələri problemin böyüməsindən daha çox, onun həllinə çalışacaqlar. Cənab Vlasov Amerikanın səsinə müsahibəsində Rusiyanın Ermənistana silah ötürməsi iddiaları ətrafında insidentin Qarabağ sülh danışıqlarına mənfi təsir göstərdiyini deyib:

"Məncə göndəriləcək komissiya daha çox iki ölkə arasında münasibətlərdə yaranmış bu xoşagəlməz insidentin aradan qaldırılmasına çalışmalıdır. Çünki Ermənistanla Azərbaycan arasındakı münaqişə Azərbaycanın Rusiya ilə münasibətlərinin həssas hissəsini təşkil edir. Əgər tərəflər anlaşılmazlığın aradan qaldırılmasında hansısa bir dil tapsalar, məncə bu çox vacib addım olacaq. Çünki bu qalmaqala qədər – 2008-ci ilin sonunda biz Qarabağ danışıqları ətrafında mövqelərin yaxınlaşdığına dəlalət edən pozitiv səylərin şahidi olurduq".

Bakıdakı siyasi ekspertlər isə Rusiya nümayəndələrinin silah qalmaqalını adi anlaşılmazlıq kimi təqdim etməsilə razılaşmırlar.

Şərq-Qərb Araşdırmalar Mərkəzinin başçısı Ərəstun Oruclu Ameirkanın səsinə deyib ki, söhbət təkcə Ermənistana silah verilməsindən deyil, Cənubi Qafqazda quvvələr nisbətinin pozulmasından gedir. Onun sözlərinə görə, Rusiya bu addımı ilə əslində Qarabağda muharibə riskini artırmaqla, əslində daha çox Qərbin regiondakı enerji və digər maraqlarına təhdid yaradır.

O ki qaldı, Azərbaycan deputatlarının vəziyyətin ciddiliyini rusiyalı həmkarlarına izah etmək cəhdlərinə, cənab Oruclu bunu adekvat tədbir saymır. Onun fikrincə, bu tədbir adi müzakirədən o yana keçməyəcək: "Rusiya bu addəmlarını davam etdirərdə, Bakıda Qərbin, xüsusilə də NATO-nun hərbi bazalarını yerləşdirmək məsələsi aktuallaşır".

Bu arada, Azərbaycan parlamentində ölkədə xarici hərbi qüvvələrin yerləşdirilməsini qadağan edən qanunvericilik məhdudiyyətlərinin də aradan qaldırılmasına dair çağırışlar səslənməkdədir. Deputatlar bunu Rusiyanın Ermənistanı silahlandırmasına cavab verə bilmək zərurətilə izah edirlər.

XS
SM
MD
LG