Accessibility links

Ərdəbil məhkəməsi bir qrup azərbaycanlı fəal haqda qərar çıxartdı


Yerli mənbələrin yaydığı məlumatlara görə, Ərdəbilin İslam İnqilabı Məhkəməsi İranın milli təhlükəsizliyini pozmaqda təqsirli bilinən 5 azərbaycanlı fəal haqqında 5 il azadlıqdan məhrum edilmə və sürgün qərarları çıxarıb. Ərdəbilin İslam İnqilabı Məhkəməsinin 1-ci şöbəsində keçirilən qapalı məhkəmə iclasının sonunda milli-mədəni hüquqlar uğrunda mübarizə aparan azərbaycanlı fəallar Hüseyn Hüseyni, Behruz Əlizadə, Ərdəşir Kərimi, Vədud Səadəti və Rəhim Qulami hər biri 5 il müddətinə azadlıqdan məhrum edilmə cəzalarına məhkum ediliblər. Ərdəbil Məhkəməsinin qərarında o da deyilir ki, Ərdəbil Əyalətinin təhlükəsizliyini təmin etmək məqsədi ilə, adı çəkilən fəallar öz həbs cəzalarını İranın Azərbaycan əyalətlərindən kənarda keçirməlidirlər. Məhkəmənin qərarına görə, Hüseyn Hüseyni cəzasını İranın Mərkəzində yerləşən Kirman həbsxanasında çəkəcək. Ərdəşir Kərimi İranın cənubundakı Hormozqan əyalətinin zindanına sürgün edilir. Behruz Əlizadə İranın Bocnurd şəhər həbsxanasında qalmaqlı olacaq. Vədud Səadəti həbs müddətini Simnan məhbəsində, Rəhim Qulami isə cəzasını Həmədan həbsxanasında çəkəcək.Bu şəhərlər fəalların yaşadığı Ərdəbil şəhərindən minlərlə kilometr uzaqda yerləşir. Ərdəbilin İslam İnqılabı Məhkəməsinin bildirdiyinə görə, 2006-cı ilin may ayında baş vermiş “millətçi etirazların” təşkilində adı çəkilən fəalların rolu olub. Adı çəkilən fəallar keçən ilin mart ayında həbs olunaraq 1 aya yaxın Ettelaatın qapalı təcridxanalarında saxlandıqdan sonra 20-30 milyon tümənlik girov qoymaqla zaminə buraxılıblar. Hüseyn Hüseyni isə hal-hazırda Tehranın “Evin” həbsxanasında saxlanılan dayısı, Abdulla Abbasi ilə birlikdə keçən il sentyabrın 14-də Səttarxanın anım mərasimində həbs olunmuş və qısa müdət öncə zaminə buraxılmışdı. Bir sıra insan haqları müdafiə təşkilatlarının iddiasına görə, saxlandıqları müddətdə azərbaycanlı fəallara qarşı elektrik şok, yuxusuz saxlanma, döyülmə və bu kimi ağır işgəncə üsullarından istifadə olunub.
XS
SM
MD
LG