Accessibility links

Rusiya müttəfiqləri ilə çevik hərbi qüvvə yaradır


Rusiya agentliklərinin yaydığı məlumata görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin Moskvada toplanan liderləri, qurum çərçivəsində birgə hərbi qüvvələrin yaradılması haqda qərara gəliblər.

Yeni çevik qüvvələrin Rusiya, Belarus, Ermənistan, Qırğızıstan, Qazaxıstan, Tacikistan və Özbəkistan ərazilərində yerləşdiriləcəyi, habelə yerli müdafiə strukturlarına tabe olacağı bildirilir.

Rəsmilərin dediyinə görə, kollektiv çevik qüvvələr kontingentindən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərə qarşı hərbi təcavüzün dəf edilməsi, beynəlxalq terrorla mübarizə və mütəşəkkil cinayətkarlıqla mübarizə üçün istifadə olunacağını bildirirlər.

Kollektiv çevik qüvvələrin nə zaman formalaşacağı isə hələ konkretləşməyib. Bunula yanaşı, Rusiya prezidenti Dmitriy Medvedev bildirib ki, regional təhlükəsizlik təşkilatının hərbi özəyi və onun komandanlığı Rusiyada mənzillənəcək.

Ancaq Moskvadakı siyasi analitiklərin fikrincə, Rusiyanın yeni təşəbbüsünün kağız üzərində qalma ehtimalı böyükdür. Moskva Dövlət Universitetinin region üzrə təhlilçisi Aleksandr Karavayev Amerikanın səsinə deyib ki, bu qərar qəbul edilsə də, havadan asılı qalacaq.

"Əvvəla, bu missiya hələ müəyyənləşməyib. Baxmayaraq ki, prezidentin rəsmi bəyanatı yeni strukturun mahiyyəti barədə müəyyən təsəvvür yaradır. Yeni strukturun münaqişə bölgələrində fəaliyyətindən bəhs olunur. Amma mən bunda bir perspektiv görmürəm. Gürcüstandakı münaqişələrdə və eləcə də Dağlıq Qarabağda sülhün nizamlanması istiqamətində bu qrupa beynəlxalq mandat verilə biləcəkmi? Xüsusilə də nəzərə aldıqda ki, nə Gürcüstan, nə də Azərbaycan bu təşkilata üzv deyillər. Ümimiyyətlə, yaxın 2-3 ildə bu təşkilatın real hərbi potensialını görmürəm".

Ümumilikdə, siyasi ekspertlər regional müstəvidə, xüsusilə də hələ də Rusiyanın təsiri altında olan post-sovet ölkələrində yerli hərbi birliklərin nəinki kənar təhdidlərə, hətta regiondaxili problemlərə də təsir cəhdlərini səmərəsiz sayırlar.

Digər tərəfdən. onsuz da Kollektiv Təhlükəsizlik Müqaviləsinin şərtlərinə görə, ekstremal hallarda üzv ölkələrin bir-birinə hərbi dəstəyi nəzərdə tutulub. Üzv ölkələrdən birinə edilən hücum bütün üzv ölkələrə edilən hücuma bərabərdir.

Bəs belə halda, Moskvada birgə çevik dəstə yaratmaq barədə qərarı nəyə hesablanıb? Siyasi ekspertlər bu addımı siyasi xarakterli sayırlar.

Azər Mürsəliyev Moskdava dərc olunan Kommersant qəzetinin baş redaktorudur. O, Amerikanın səsinə müsahibəsində bunları deyib:

"Bu, ilk növbədə siyasi qərardır. Faktiki olaraq isə çevik qüvvələrin yaradılması çox uzun çəkəcək. Amma bir simvolik siyasi addım kimi bunun həm Qafqaza, həm də orta Asiya bölgələrinə müəyyən təsirləri gözlənilir. Hələlik isə Azərbaycan kimi ölkələrin narahat olmasına səbəb yoxdur. Çünki çevik qüvvələrin istifadəsi qaydalı hala salınmalıdır, bu da çox uzun vaxt aparacaq.

Belə ki, bu qərar milli qanunlarla uyğunlaşdırılmalıdır, bütün ölkələr buna razılıq verməlidir, onların parlamentləri təsdiq etməlidir və sair və i.a. Digər tərəfdən, çevik qüvvələrin hansı hallarda və harada istifadə olunacağı da tam bəlli deyil. Bütün bunlar rəsmi halda bəyan edildikdən sonra ola bilsin ki, Azərbaycanın narahat olmasına səbəb yarana bilər".

Yeri gəlmişkən, Rusiyanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin ortaq çevik qüvvəsini yaratması son günlər Kremlin Ermənistanı silahlandırması iddiaları ilə bağlı Azərbaycan tərəfinin kəskin etirazları fonunda baş tutur.

Moskva Ermənistana silah satdığını inkar edir, iki ölkənin hərbi əməkdaşlığının Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində əməkdaşlıqla izah edir.

XS
SM
MD
LG