ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin Dağlıq Darabağ münaqişəsilə bağlı BMT-yə ünvanladığı sorğularına reaksiya veriblər.
Həmsədrlərin ATƏT-in saytında dərc olunmuş bəyanatında qeyd edilir ki, 2008-ci il dekabrın 24-də və 29-da Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin sorğusu əsasında BMT-də 2 məruzə yayılıb. Bu sənədlərə cavab olaraq, həmsədrlər hesab edirlər ki, Dağlıq Qarabağ probleminin hərbi həlli yoxdur.
Azərbaycanın BMT-dəki daimi nümayəndəliyindən isə Amerikanın Səsinə bildirilib ki, söhbət daimi nümayəndə Aqşin Mehdiyevin ötən ilin sonunda təşkilatın baş katibinə göndərdiyi və BMT Təhlükəsizlik Şurasında yayılmış məktublardan gedir.
Nümayəndəlik rəsmisi deyib ki, bu məktublar dekabr ayında göndərilsə də, BMT-nin saytında təzəlikcə dərc olunub və Təhlükəsizlik Şurasında yayılıb.
24 dekabr 2008-ci il tarixli məktubda səfir BMT-yə Azərbaycan dövləti adından iki sual ünvanlayıb:
Bu suallar Ermənistanın Dağlıq Qarabağ bölgəsində və ətrafında Azərbaycana silahlı hücumunun təsdiqi və Azərbaycan Respublikasının hazırda BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq Ermənistandan müdafiə olunmaq üçün özünü müdafiə hüququndan istifadə imkanları ilə əlaqədardır.
29 dekabr tarixli məktubda isə dövlətlərin ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyinetmə hüququna dair təməl normalar haqqında məruzə əksini tapıb.
Bugünkü bəyanatlarında Minsk Qrupunun həmsədrləri qeyd edirlər ki, sözügedən hesabatların yayılmasından sonra prezidentlər İlham Əliyev və Serj Sarkisyan 2009-cu il yanvarın 28-də Sürixdə görüşüblər və dövlət başçıları özləri bu görüşü faydalı və konstruktiv qiymətləndiriblər.
Sonrakı açıq bəyanatlarında da prezidentlər Minsk Qrupunun vasitəçilik səylərinə bağlılıqlarını vurğulayıblar.
Buna görə də həmsədrlər fevralın sonuna qədər əsas prinsiplərin razılaşdırılması cəhdlərini sürətləndirməkdə tərəflərə yardımçı olmaq üçün bölgəyə səfər edəcəklər.
“Minsk Qrupunun həmsədrləri sülh prosesinin hüquqi və ya tarixi diskussiyalarla pozulmasına yol verməyəcəklər ancaq onlar tərəflərin tarixi məsələlərlə bağlı qayğılarına həssas yanaşacaqlar” – deyə bəyanatda vurğulanır.
Həmsədrlər hesab edirlər ki, yuxarıda bəhs olunan hesabatlar Minsk Qrupu çərçivəsində aparılan danışıqlara və prezidentlərin 2 noyabr 2008-ci il tarixli Moskva Bəyannaməsində əksini tapan öhdəliyə uyğun olaraq münaqişənin dinc və siyasi yolla həllinə təsir göstərməyəcək.