Sudanın paytaxtı Xartumda beynəlxalq Haaqa tribunalının hökmündən bir gün sonra təşkil edilən yürüşdə prezident Ömər Əl-Bəşir tərəfdarları qarşısında çıxış edib. Prezident həbsinə dair hökmü konspirasiya və Darfurda sülhün bərqərar edilməsi səylərinə maneə kimi qiymətləndirib. Ömər Əl-Bəşir deyib ki, Sudanda fəaliyyət göstərən BMT və digər beynəlxalq təşkilatlar Sudanın resurslarına nəzarəti ələ almaq məqsədi ilə müstəmləkəçilik vasitələrindən istifadə edir. Beynəlxalq Haaqa məhkəməsinin Sudan prezidenti Ömər Əl-Bəşirin həbsinə dair hökmü 2002-ci ildə təsisindən bəri dövlət başçısının həbsi ilə bağlı ilk qərarıdır. Prezident Bəşir Sudanın Darfur regionunda mülki vətəndaşlara qarşı hücum kampaniyalarına görə ittiham edilir. Həmin regionda 2003-ci ildən hökumətlə üsyançılar arasında mübarizə gedir. Ittihamnamədə bəşəriyyətə qarşı cinayət, qətl, zorlama, isgəncə, məcburi köçürülmələr kimi beş maddə yer alır. Darfur münaqişəsi 300 000 insanın ölümü, 2.7 milyon nəfərin didərgin düşməsi ilə nəticələnib.