ABŞ prezidenti Barak Obama deyib ki, Amerikanın təhsil sistemi"dünyanın həsəd aparacağı" bir səviyyəyə çatdırılmalıdır. O məsuliyyəti artırmaq, maliyyəni daha düşünülmüş şəkildə sərf etmək və tələbələrin kolleclərə daxil olmasına yardımı gücləndirməklə təhsil sistemini yaxşılaşdırmağı təklif edib. Cənab Obama deyib ki, Amerikada təhsil beynəlxalq səviyyədən xeyli aşağı səviyyəyə düşüb. Bu da onun sözlərinə görə, Amerika tələbələrinin rəqabət aparmaq qabiliyyətinə öz təsirini göstərib. Cənab Obama öz təhsil sisteminə nəzarət edən ştatların tədris standartlarını artırmasını istədiyini dedyib. O bildirib ki, məktəblər 21-ci əsrin standartlarına uyğun tədris verməlidir. ABŞ prezidenti bu yaxınlarda imzalanan iqtisadi stimullaşdırma paketində təhsil proqramlarının genişləndirilməsinə 5 milyard dollar ayrıldığını bildirib.