ABŞ-ın vitse-prezidenti Co Bayden deyib ki, Əfqanıstanda vəziyyətin pisləşməsi Birləşmiş Ştatlar və NATO-ya üzv ölkələr üçün təhlükə yaradır. Onun bildirdiyinə görə, Birləşmiş Ştatlar regionda vəziyyəti sabitləşdirmək üçün Avropa müttəfiqlərilə yaxından iş aparmaq istəyir. Cənab Bayden bu gün Brüsseldə NATO-nun qərar verən orqanı olan Şimali Atlantik Şurada çıxış edib.
Birləşmiş Ştatlar Əfqanıstana 17 000 nəfərdən ibarət əsgəri qüvvə göndərir və NATO müttəfiqlərini hərbi qüvvələrin sayını artırmağa çağırır. Bir sıra Avropa ölkələri Əfqanıstana əlavə əsgəri qüvvə göndərməyə meylli olmasalar da, bildiriblər ki, polisə təlim vermək kimi başqa sahələrdə yardım göstərə bilərlər.