ABŞ prezidenti Barak Obama Ağ Evdə NATO-nun baş katibi Yap De Hup Şxefferlə görüş keçirib. Müzakirələr alyansın missiyalarının statusu və strategiyasına həsr edilib. ABŞ prezidenti deyib ki, NATO-nun prioritetləri nüvə silahlarının yayılması kimi 21-ci əsrin üzləşdiyi problemlərlə ayaqlaşmalıdır. Barak Obama Yap De Hup Şxefferlə NATO-nun 60 illiyi münasibəti ilə gələn ay Almaniya və Fransada təşkil ediləcək sammitləri müzakirə etdiyini deyib. ABŞ dövlət başçısı inandığını bildirib ki, alyans Əfqanıstan fəaliyyətlərinin koordinasiyasında daha effektiv rol oynayacaq. O, administrasiyasının Əfqanıstanla bağlı strategiyanı nəzərdən keçirdiyini xatırladıb. NATO-nun baş katibi Yap De Hup Şxeffer Əfqanıstanın alyansın ən mühüm fəaliyyət prioriteti olduğunu bildirib.