Accessibility links

Qubad İbadoğlu: ‘Azərbaycanı qlobal böhranın ciddi fəsadları gözləyir’


Yarım ildir ki, ABŞ-ın Kanzas və Şimali Karolina Universitetlərində araşdırma aparan Azərbaycanın aparıcı iqtisadi ekspreti Qubad İbadoğlu qlobal iqtisadi böhranın fəsadlarının artıq Bakı üçün problemlər açdığını deyir.

Cənab İbadoğlu Azərbaycan hökumətini qlobal maliyyə böhranının ölkəyə təsirlərini azaltmaq üçün ümummilli proqramın qəbuluna çağırır.

Amerikanın səsinə müsahibə verən ekspert deyib di, kompleks tədbirlər görülməsə, dünyadakı maliyyə böhranı Azərbaycan üçün də irimiqyaslı fəsadlar aça bilər.

Baxmayaraq ki, ölkə rəsmiləri dünyanı çənginə almış bu bəlanın artıq Azərbaycandan yan geçdiyini deyirlər.

Bu yaxınlarda keçirdiyi müşavirədə prezident İlham Əliyev bununla yanaşı, ölkədə iqtisadi artımın müşahidə olunduğunu bəyan edib.

Qubad İbadoğlu isə deyir ki, maliyyə böhranının Azərbaycan üçün də tədricən problemə çevrildiyini yerli şirkətlərdə aparılan ixtisarlar, bankların kredit vəsaitlərini azaltması və işsizliyin artan səviyyəsindən müşahidə etmək mümkündür.

Lakin rəsmilər işsizliyə də iqtsiadiyyatın ənənəvi problemlərindən biri kimi yanaşırlar.

İbadoğluna görə, əslində, bu kimi məsələlər barədə dolğun təsvir yaratmaq üçün müqayisə dövrü çox həssasdır:

“Rəqəmlər təsdiq edir ki, böhranın təsirləri var. Bəzən götürüb illik rəqəmləri təqdim edirlər ki, il ərzində bu qədər artım olub. Ancaq Azərbaycana böhranın təsirləri əsasən dekabr ayından başlayıb”.

Ekspert habelə deyir ki, böhranın ən çox zərbə vurduğu sahə bank sektorudur .
Belə ki, bu ilin yanvar ayında ölkədə bank ehtiyatları 316 milyon manat idisə, fevralda bu rəqəm 285 milyona düşüb. Digər ciddi dəyişiklik isə depozitlərdə gedir:

“Əhali 700 milyon manat vəsaitini geri götürüb. İnsanların belə davranışına səbəb nədir? Bu, baknlardakı real vəziyyəti xarakterizə edən yeganə fakt deyil. Bankların kredit qoyuluşlarında və onların aktivlərində də azalma var. Bütövlükdə götürəndə Azərbaycanın bank institutları bu gün böhran dövrünü yaşayır və bu, birbaşa qlobal maliyyə bazarlarında gedən proseslərlə əlaqəlidir”.

Ekspert Azərbaycana investisiya qoyuluşunun da azaldığını deyir. Onun sözlərinə görə, ölkədə adambaşına düşən xarici borcların məbləği də dəfələrlə artıb. Bu isə, hökuməti neft gəlirlərinin səmərəsiz xərclənməsinə sövq edir.

İbadoğlu deyir ki, neftə atran tələbat Azərbaycanı bu il üçün rekort həcmdə ixracata sövq edir.

Bunun yaxşı tərəfi maliyyə böhranı dövründə ölkəyə gəlirlərin daxil olmasıdırsa, pis tərəfi sözügedən sərvətin həddən artıq sürətlə dağıdılmasıdır.

Məsələn, İbadoğlu deyir ki, Azərbaycan hökuməti manatın səviyyəsini zorla saxlamaq üçün, bahalı siyasət seçib. Belə ki, bunun üçün milyonlarla vəsait çölə tökülür. Halbuki, bu vəsaitlərin gələcək nəsillərə saxlanması üçün Neft Fondunda toplanacağı deyilirdi.

İqtisadi böhrana baxmayaraq, Azərbaycan hökuməti habelə Xəzərdə körpü salmaq və dənizi qurutmaq hesabına Bakı buxtasını genişləndirmək kimi fantastik layihələrini davam etdirir.

İbadoğlu deyir ki, bütün bunlar, neft gəlirlərinin Azərbaycanda yaratdığı müvəqqəti arxayınlıqdır.

Lakin ekspertə görə, iqtisadiyyatda ciddi dəyişikliklər edilməsə və qlobal böhrana əhəmiyyət verilməyəcəyi təqdirdə, bütün bunlar Azərbaycanı neft gəlirlərinin tükənməsinə və qlobal böhranın səngiməsindən sonra, daxili böhranın alışmasına apara bilər.

XS
SM
MD
LG