Accessibility links

ABŞ Mətbuatı: Barak Obamanın 100 günü


Barak Obamanın prezident qismində ilk 100 günü tamam olmaq üzrədir. Bu münasibətlə bir çox təhlilçilər Obamanın indiyədək olan fəaliyyətinə qiymət verir, onun müsbət və mənfi tərəflərini işıqlandırır. Amerika tarixində ən çox maraqla izlənilən seçkilərdən birinin ardınca prezident Obamadan gözləntilər yüksəkdir. “Dəyişiklik” şüarı ilə hakimiyyətə gələn Barak Obamanın nailiyyətləri bu baxımdan diqqətlə izlənilir.

New York Times-ın baş məqaləsində Prezident Obamanın ilk 14 həftə ərzində bir sıra addımları ilə güclü start etdiyi vurğulanır. Redaktor heyəti Obamanın Quantanamo körfəzindəki həbsxananı bağlamaq qərarını, İran və Suriya ilə danışıqlara hazırlığını və hətta Venezuela lideri Huqo Çavezlə əl sıxmasını da Amerikanın Corc Buş hakimiyəti dönəmində tar mar olmuş imcinin bərpasına yönəldiyini hesab edir. Times Obamanın səhiyyə xidmətləri və qlobal iqlim dəyişikliyi sahələrində həyata keçirdiyi islahatları və geniş ambisiyalarını müsbət qarşılayır. Üstəlik qadınların reproduktiv hüquqlarının müdafiəsi və təmiz su və ərzaq təhlükəsizliyinə yetirilən diqqət alqışlanır. Ağ Ev immiqrasiya sahəsində də islahatlar keçirəcəyini vəd edib. Times hesab edir ki, Obama seçki kampaniyası zamanı verdyi vədə əməl edərək qoşunları tez bir zamanda İraqdan çıxarmalı və diqqəti vəziyyətin getdikcə pisləşdiyi Əfqanıstan və Pakistana yönəltməlidir. Belə ki, bu ərazilər terrora qarşı mübarizədə mühüm cəbhələrdir. Eyni zamanda redaktor heyəti Obamanın bankları xilas planının kifayət qədər aqressiv olmadığından gileylənir. Onlar Prezident Obamanı terrorda şübhəli bilinən məhbuslarla rəftara görə tam istintaq aparmağa çağırır və Buş administrasiyasının törətdyi əməllərə görə məsul bilinməsini tələb edir. “İndi ağır vaxtlardır, lakin cənab Obama bölünmüş və qorxmuş millətin ruhunu qaldırıb,” deyə yazıda bildirilir. Belə ki, son New York Times-CBS rəy sorğularında 72 faiz amerikalılar növbəti dörd ilə nikbin baxdıqlarını bildirib.

Mühafizəkar cəbhədə isə Barak Obamanın fəaliyyəti sərt tənqdilərlə qarşılanır. Bir çoxları onu xarici siyasətdə zəiflik nümayiş etdirməkdə, iqtisadiyyatda isə Amerikanı sosializmə sürükləməkdə ittiham edir. “Cəmi 100 gün ofisdə olduqdan sonra bizim xarici və təhlükəsizlik siyasətimiz meydana çıxır və görüntü dəhşətlidir,” deyə Ralf Piters New York Post qəzetində bildirir. Onun sözlərinə görə Obamanın düşmənlərlə sadəlövhlüyü, müttəfiqlərə göstərdiyi sayğısızlıq, və ölkənin güc qurumları ilə rəftarı son illərin ən acınacaqlı xarici siyasət perspektivini vəd edir. Obama administrasiyası dünyada mövcud olan problemlərə görə ilk növbədə Amerikanı qınayır. Pitersin fikrincə bu ideologiya Obamanın qanına solçu ekstremistlərlə uzun müddət saxladığı münasibətlər nəticəsində hopub. Obama administrasiyası hesab edir ki, bütün problemləri danışıqlar yolu ilə həll etmək olar. Ona görə də Vaşinqton Moskva ilə soyuq müharibəni arxada qoymaq haqda danışır. “Halbuki soyuq müharibə mentalitetini bərpa edən rusların özləridir. Taliban Paksitanı alt-üst edir, bizsə onlarla danışmaq istəyirik.” Ralf Piters nüvə silahları ilə silahlanmış Pakistanın, eləcə də Qəzza zolağında hakimiyyəti ələ keçirmiş Hamasın pulla satın alınması cəhdlərini istehza ilə qarşılayır. Müəllif Prezident Obamanın hərbçilərə və təhlükəsizlik xidmətlərinə sərgilədiyi münasibti də tənqid edərək bunun düşmənlərə qarşı mübarizə aparan qüvvələrdə ruh düşkünlüyü yaratdığını söyləyir. Əvəzində hər şeyə görə Corc Buşun qınanıldığını önə çəkən Piters yazır: “Əgər Obama doktrinası yeni terror hücumlarına gətirib çıxarsa, bu, Obamanın günahı yox, yenə də Buşun günahı olacaq. Bu arada isə Amerika qınanma mədəniyyəti içində boğulan üçüncü dünya ölkəsinə çevrilir,” deyə Piters yazısını yekunlaşdırır.

XS
SM
MD
LG