Accessibility links

Bakıda faciə qurbanları yad edilir


Bakı şəhərində dünənki faciə zamanı həlak olan tələbə və müəllimlərin xatirəsi yad edilir.

Minlərlə insan silahlı basqınçının 13 insanı qətlə yetirdiyi Dövlət Neft Akademiyasının qarşısına gələrək gül dəstələri qoyub, həlak olanların xatirəsini yad edib.

Bir neçə min tələbə isə Neft Akademiyası yaxınlığındakı meydanda “Terrora yox” şüarı ilə aksiya keçirib.

Aksiya iştirakçıları hökuməti üç günlük matəm elan etməyə, təhsil müəssisələrində təhlükəsizliyi gücləndirməyə çağırıb.

Bakı sakinləri də baş verən faciəni kəskin pisləyir. Onlar hökuməti ciddi təhlükəsizlik tədbirləri görməyə çağırır. Sakinlər baş verən hadisənin qabaqcadan hazırlanmış terror aktı olduğunu düşünür.

Cinayəti törədən özünü öldürsə də Respublika Prokurorluğunun mətbuat xidməti başqa bir şəxsin Nadir Əliyevin şübhəli şəxs qismində saxlandığını bildirib.

Turan Agentliyinin məlumatına görə, Nadir Əliyev faciə törətdikdən sonra özünü güllələmiş Fərda Qədirovun dostudur.

Baş vermiş faciə ilə bağlı ölkənin çoxsaylı ictimai-siyasi təşkilatları, hüquq-müdafiəçiləri, ziyalıları, səfirliklər, dövlətlər, beynəlxalq təşkilatlar bəyanatla çıxış edib.

Bu gün prezident İlham Əliyev həlak olanların ailələrinə və ağır xəsarət alanlara maddi yardım göstərilməsi məqsədi ilə sərəncam imzalayıb.

Sərəncama görə, prezidentin Ehtiyat Fondundan həlak olanların ailələrinin hər birinə 30 min, ağır xəsarət alanların hər birinə isə 15 min manat birdəfəlik maddi yardım edilir.

XS
SM
MD
LG