Accessibility links

Azərbaycanla Ermənistan arasında 15 illik atəşkəs hərbi ekspertin gözü ilə


ATƏT sədri və Minsk Qrupu həmsədrlərinin bu gün Azərbaycan və Ermənistan arasında atəşkəsin 15 illiyi ilə əlaqədar yaydıqları bəyanatlarda keçmiş SSRİ ərazisində ən şiddətli münaqişə kimi səciyyələndirilən Qarabağ ətrafında atəşkəs sazişinin imzalanması o vaxtkı liderlərin cəsarətli addımı kimi xarakterizə olunur.

Lakin vasitəçilər qeyd edirlər ki, təəssüf ki, bu atəşkəs mükəmməl olmayıb və cəbhə xəttində hər il ölüm hadisələri baş verir.

Buna görə də vasitəçilər növbəti dəfə belə bir ümid izhar edirlər ki, tərəflər cəbhə xəttindən snayperlərin geriyə çəkilməsinə dair onların çağırışlarına əməl edəcəklər.

Ancaq ATƏT təmsilçilərinin bəyanatlarında cəbhədə təhlükəsizliyin qorunmasına dair hər hansı yeni formatdan bəhs olunmur, sadəcə olaraq, ön xəttin silahsızlaşdırılması zəruri sayılır.

Əslində, bu təklifi hələ ötən ilin sonunuda ABŞ Dövlət katibinin müavini Daniel Frid, Fransa və Rusiya Xarici İşlər nazirləri Bernar Kuşner və Sergey Lavrov imzaladıqları birgə bəyannamədə irəli sürmüşdülər, lakin bu yaxınlarda Bakıya səfərlərindən birində həmsədrlər hələ də tərəflərdən məsələ ilə bağlı cavab almadıqlarını deyiblər.

Yerli mətbuat isə bu təşəbbüsün əleyhdarlarına istinadən, diqqəti ona yönəldir ki, snayperlər geri çəkilsə belə, cəbhədən atəş səsi tamamilə kəsilməyəcək.

Tez-tez Azərbaycan-Ermənistan cəbhə xəttində olan “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli deyir ki, vasitəçilərin bəyanatındakı «snayper» ifadəsi əslində məcazi məna daşıyır.

Çünki cəbhədə qarşılıqlı ölüm halları adi əsgərlərin avtomat, pulemyot və digər silahlardan açdıqları atəş nəticəsində baş verir.

Azərbaycan və Ermənistanın hərbi qurumlarının vaxtaşırı yaydığı açıqlamalarda da bunu hiss etmək olar.

Amerikanın səsinə müsahibəsində cənab Sümərinli deyir ki, bu cür atışmalarda münaqişə tərəflərinin itkilərinin sayı təxminən eyni olur:

«Son 7 ildə Azərbaycan tərəfi ümumilikdə 349 nəfər hərbi qulluçusunu itiribsə, onların 118 nəfəri sırf erməni snayperlərinin atəşi nəticəsində dünyasını dəyişib. Qarşılıqlı rəqəmlər erməni tərəfdə də mövcuddur. Onların Hərbi Prokrorluğunun illik açıqlamalarına görə, il ərzində təxminən 40-50 erməni hərbi qulluqçusu Azərbaycan tərəfinin açıdığı atəş nəticəsində dünyasını dəyişir. Bu iddiaların nə dərəcədə düzgün olduğunu deyə bilmərəm, lakin gələn məlumatlardan belə görünür ki, orta hesabla hər il iki tərəf birlikdə 100-dən artıq hərbçisini itirir”.

Cəsur Sümərinlinin sözlərinə görə, il ərzində döyüş bölgəsində atəş nəticəsində mülki şəxslərdən də həlak olanlar çoxdur. Bu barədə dəqiq məlumat əldə etmək o qədər də asan olmur.

Ancaq son tədqiqatlar göstərir ki, baş vermiş bəzi toqquşmalar nəzərə alınmasa, atəşkəs sazişinin əvvəli ilə müqayisədə, son illər hərbçilərin ölüm və yaralanma halı azalıb.

“Atəşkəsin imzalandığı əvvəlki dövrlərdə itkilərin sayı daha çox idi. Son illərsə bu, bir qədər azalıb. Ümumilikdə demək olar ki, atəşkəs dövründə 4-5 min nəfər hərbçi dünyasını dəyişib. Bu kontekstdə Azərbaycanın payına düşən rəqəm təxminən 2 mindən artıqdır”.

Bəs görəsən cəbhə xəttində snayperlər əsasən hansı vaxtlarda işə düşür? Əvvəllər ATƏT vasitəçiləri bunun mövsümi xarakterli olduğunun bildirirdilərsə, son zamanlar atışmaların qeyri-nizamlı olduğu vurğulanır.

Cəsur Sümərinli bildirir ki, ümumiyyətlə tərəflərin bu cür addımları nizamlı və nizamsız olur.

Yəni söhbət hansısa danışıqlar, görüşlər ərəfəsində təzyiqə hesablanmış və əsgərlərin özbaşına təşəbbüsləri ilə yaranan atışmalardan gedir.

“Cəbhə xəttində snayperlər əsasən iki hadisə zamanı işə düşür. Birincisi, bu, sülh danışıqları ilə bağlıdır və tərəflərin əhval-ruhiyyəsini ifadə edir. Belə ki, bir tərəfin siyasi üstünlüyü digərində atəşkəsin pozulması meyllərini ortaya çıxarır”.

Ekspert deyir ki atəşkəs pozuntusunun digər səbəbi hərbi istehkamın yerdəyişməsilə əlaqədardır, belə ki, bir də görürsən tərəflərdən biri digərini sərhəd xəttini dəyişməkdə ittiham edir və bununla da atışma başlayır.

Qeyd edək ki, ATƏT vasitəçilərinin bugünkü bəyanatının üzərindən çox vaxt ötmədən tərəflər artıq atəşkəs pozuntusu barədə xəbərlər yayıblar.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin açıqlamasına görə, atəşkəs bu gün saat 6.00-dan 6.05-dək Füzuli rayonu ərazisindəki adsız yüksəkliklərdə pozulub.

XS
SM
MD
LG