Accessibility links

Həmsədrlər Azərbaycan və Ermənistan arasında atəşkəsin 15 illiyi ilə əlaqədar bəyanat yaydı



ATƏT-in Minsk Qrupunun həmsədrləri – Rusiyadan səfir Yuri Merzlyakov, Fransa adından səfir Bernar Fasye və ABŞ dövlət katibi müavininin yardımçı Metyu Brayza bu gün növbəti bəyanatla çıxış ediblər.

ATƏT-in rəsmi saytında dərc olunmuş sənədə görə, həmsədlər Azərbaycanla Ermənistanı 15 il əvvəl imzalanmış atəşkəsi qorumağa çağırıblar.

Rusiya, Fransa və ABŞ-dan olan həmsədrlər qeyd edirlər ki, "təəssüf ki, bu atəşkəs razılaşmasına tam əməl olunmur ki, bu da hər il təmas xəttində insanların həyatlarını itirməsi ilə nəticələnir".

"Biz səmimi olaraq ümid edirik ki, tərəflərin üzərində işlədiyi sülh nizamlanması Azərbaycan, Ermənistan və Dağlıq Qarabağda böyüyən yeni nəslə müharibənin dəhşətlərini bir daha yaşamamağa imkan verəcək", - deyə vasitəçilər vurğulayırlar.

Həmsədrlər həmçinin tərəfləri münaqişənin həlli üçün sülh danışıqları konkret nəticə verənə qədər, atəşkəs razılaşmasına bütünlüklə əməl etməyə və snayperləri təmas xəttindən geri çəkməyə çağırırlar:

"Ümid edirik ki, ölkə liderləri Dağlıq Qarabağ münaqişəsinin mürəkkəb səbəblərini və ağır nəticələrini aradan qaldırmağa, təhlükəsizlik, etimad və region xalqları arasında səmərəli əməkdaşlıq və qarşılıqlı münasibətlər qurulmasına nail olacaq, Bu isə həmin xalqların mehriban qonşuluq şəraitində yaşamasına imkan verəcək".

Vasitəçilər sonda liderlərin münaqişənin nizamlanmasına dair baza prinsipləri üzərində işi sona çatdıracaqlarına ümidlərini izhar ediblər.

XS
SM
MD
LG