Ötən həftəsonu Bakıya səfər etmiş ATƏT-in Qarabağ nizamlaması ilə məşğul olan Minsk Qrupunun həmsədri Bernard Fasye bu gündən Ankarada rəsmi danışıqlara başlayıb.
Türkiyə qəzetlərinin yazdığına görə, səfərdə məqsəd Qarabağ nizamlamasına dair aparılan müzakirələrlə türk diplomatlarını məlumatlandırmaqdır.
Rəsmi Anadolu xəbər agentliyi cənab Fasyenin az əvvəl Türkiyə Xarici işlər nazirinin müşaviri Ərtoğrul Apakanla görüşdüyünü bildirilir.
Ötən həftə Bakıda olarkən cənab Fasye Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasının Qarabağ danışıqlarından ayrı proses olduğunu bildirmişdi.
Ankara son dövrlərdə Yerevanla təmaslarına paralel olaraq, Azərbaycan və Ermənistan diplomatlarının müxtəlif vaxtlarda görüşlərini təşkil edib. Türkiyə habelə Minsk Qrupuna daxil olan 11 üzvdən biridir.
Bernard Fasyenin Ankaraya səfəri Türkiyə mətbuatında şərh olunur. Nüfuzlu Milliyyət qəzetinin yazarı Semih İdiz bu günkü məqaləsində Türk liderlərinin son aylarda Qarabağ nizamlaması və Ermənistanla münasibətlərə dair addımlarından bəhs edərək, qeyd edir ki, görünür, Fasyenin Ankaraya vermək istədiyi əsas mesaj Yerevanla təmasların Qarabağa görə dayandırılmamasıdır.
“Ancaq baş nazir Rəcəb Tayyib Ərdoğanın son açıqlamalarından sonra bu işin necə davam edəcəyi məlum deyil. Beləliklə də, Türkiyə diplomatiyası yeni bir qarışıq vəziyyətlə üzləşib”, - deyə müəllif yazır.
Ankarada yerləşən Türksam Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan da hesab edir ki, Fasyenin səfərində əsas mövzu Ankaranı Qarabağa dair məlumatlandırmaq yox, məhz Türkiyə ilə Yerevan arasındakı Yol Xəritəsi layihəsinin taleyidir.
Ancaq ekspert deyir ki, qarşıda bu iki mövzunu əlaqələndirən çox vacib bir görüş var:
“Əgər iyunun 6-7-də Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri bir nəticə əldə edə bilməsələr, o zaman Türkiyə bəzi ölkələrin və Ermənistanın yeni təpkisi ilə üzləşəcək. Qərb Ankaraya Ermənistanla sərhədləri aç deyir, amma təəssüf ki, onun niyə bağlandığına əhəmiyyət vermir. Burada bir dilemma var”.
Bunları Ankaradan Türksam Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Sinan Oğan Amerikanın Səsinə müsahibəsində bildirib.