Accessibility links

Roksana Saberi Amerikanın Səsinə müsahibə verib


Bu günlər İran həbsxanasından azadlığa buraxılmış Amerikalı-İranlı jurnalist Roksana Saberi Amerikanın Səsinin İran xidmətinə müsahibə verib. Yanvar ayının sonunda həbs edilən Saberi casusluq ittihamları ilə məhkum olunaraq 8 il azadlıqdan məhrum-edilmə hökmü almışdı. Lakin May ayının 11-də İranın appelyasiya məhkəməsi qəfildən Saberinin azadlığa buraxılması haqda qərar çıxardı ki, bu da Saberinin Amerikaya qayıdışına yol açdı.

Amerikanın Səsi ilə müsahibədə Saberi indiyədək də nəyə görə həbs olunduğunu bilmədiyini söyləyir. Onun sözlərinə görə milli təthlükəsizliyə hədə ittihamı geniş anlayış olduğundan həbsin konkret əsasları mövcud deyil. Həm Amerika həm də İran vətəndaşı olaraq Tehranda yaşayan jurnalist İran cəmiyyəti haqda kitab yazmağı planlaşdırırdı. Saberi hesab edir ki onun casusluğuna dair şübhələr də güman ki, bu planlardan qaynaqlanır. Həbsinin qəfil olmasını deyən jurnalist onun hansı şəraitdə həbs edildiyində də yalan olduğunu önə çəkdi. Belə ki, Saberinin atası ilə telefonda danışmasına bir şərtlə icazə verildi ki, o, atasına yalandan şərab alarkən tutulduğunu desin:

“Yanvarın 31-i səhər qapımın zəngi çalındı. Mən mənzil interkomu vasitəsilə zəng çalanın kimliyini soruşanda o, mənim üçün məktub gəldiyini söylədi. Mən şəxsin poçtalyon olduğunu düşünərək qapını açanda evə 4 şəxs daxil oldu. Mən qapını örtməyə çalışanda bir kişi onu ayağı ilə tutdu. Evimə daxil olan 4 şəxs kəşfiyyat agentləri idi. Onlar kompüterimi, bəzi kitabları və ailə şəkillərini müsadirə etdilər. Sonra onlar məni başqa binaya apardılar və qonşularımdan heç biri məni görmədi. Başqa binada onlar mənə dedilər ki, əgər casus olduğumu boynuma alsam məni buraxacaqlar, yoxsa mən həbsxanaya aparılacağam.”

Casusluq ittihamlarını inkar edən Roksana Saberi daha sonra Tehranın Evin həbsxanansına gətirildi. Buradakı təcridxanada 2 həftə saxlandıqdan sonra Saberi 3-4 qadının qaldığı kameraya köçürüldü. Saberinin sözlərinə görə onun qaldğı 209 nömrəli kamerada saxlanılanlar hamısı siyasi məhbus idi.

Saberi həbsxanada ikən fiziki təzyiqlərə və ya işgəncəyə məruz qalmadığını deyir. Lakin o, ifrat psixoloji təzyiqlərlə üzəşdiyini söyləyir. Onu dindirən müstəntiqlər etiraf etmədiyi təqdirdə onun 10-20 il məhbəsdə qala biləcəyini deyir və hətta edam cəzası ilə təhdid edirdilər. Bundan əlavə ətraf dünyadan tamamilə təcrid olunmuş Saberi onun haqda kiminsə xəbər tuta bilməyəcəyindən dərin narahatlıq keçirirdi. Məhz bu səbəbdən də Saberi video-kamera qarşısında casus olduğunu və müstəntiqlərin bütün istəklərinə əməl edərək cəfəng ittihamları qəbul etdiyini söyləyir. Bunu etməklə Saberi tezliklə azad olunacağını güman edirdi. Əvəzində İran məhkəməsi onu 8 il azadlıqdan məhrum etdi. Halbuki, Saberinin sözlərinə görə onun müstəntiqlərə dediklərinin hamısı məcburi şəraitdə deyilən yalan idi.

Beynəlxalq təzyiqin onun azad olunmasında hansı rol oynadığına cavab verən Amerikalı İranlı jurnalist bunun çox effektiv olduğunu dilə gətirdi.

“Mən inanıram ki, bu çox effektiv idi. Mənim valideynlərim də çox kömək etdilər. Lakin deməliyəm ki, beynəlxalq dəstək olmadan mən hələ də məhbəsdə olardım. Necə ki, orada hələ də başqaları həbsdə yatır.”

İran mənşəyi ilə fəxr etdiyini söyləyən Roksana Saberi nə vaxtsa bu ölkəyə qayıda biləcəyinə ümid etdiyini söyləyir.

XS
SM
MD
LG