Accessibility links

İranda seçki kampaniyası sabiq səfirin gözü ilə


İranda başa çatmaqda olan seçki kampaniyası prezident kürsüsündə namizədlərini görmək istəyən azərbaycanlıları misli görünməmiş dərəcədə səfərbər edib.

Azərbaycanın İrandakı sabiq səfiri Nəsib Nəsibli hesab edir ki, seçkilərdə ən effektiv rol əzərbaycanlılara məxsusdur. İyunun 12-də keçiriləcək səsvermədə məhz onların səsləri əhəmiyyət kəsb edəcək.

Cənab Nəsibli deyir ki, bunu seçkiyə qatılmış namizədlər özləri də gözəl başa düşürlər. Bu səbəbdəndir ki, hazırkı prezident Mahmud Əhmədinejadla opponentləri arasında əsas rəqabət məhz Azərbaycan regionları üzərində gedir.

Nəsibli deyir ki, namizədlərin seçki ərəfəsində Azərbaycan dilində çıxış etmələri ilk dəfə deyil, ancaq bunun artıq ənənəyə çevrilməsi olduqca mühümdür.

“Çox maraqlı məsələdir. Heç zaman Kərrubi dil məsələsində bu qədər həssas olmazdı. Parlament sədri olduğu vaxtlarda dil məsələsini diqqətə gətirməzdi. Və yaxud da Əhmədinejadın özü Azərbaycanda türkcə çıxış edir. Bu. artıq İran cəmiyytinin və İran dövlətinin bu məsələ ilə bağlı artıq çox həssas bir qərar vermək ərəfəsində olduğunun göstəricisidir”.

Amerikanın Səsinə müsahibəsində sabiq səfir Nəsib Nəsibli İranda bu ilki seçkiləri xarakterik edən məqamlardan da danışıb.

O deyib ki, əsas rəqabət hazırkı prezidentlə islahatçı namizəd Mirhüseyn Musəvi arasında getsə də, Əhmədinejadın qatı və radikal xarici siyasi kursunu tənqid etmək üçün rəqiblərinin aktivində ciddi vədlər var.

Söhbət İranın xarici siyasətinin əsas problemi olan nüvə proqramını məsələsinin diplomatik yollarla həllinə nail olmaq və Amerika ilə münasibətləri normallaşdırmaqdan gedir.

Sabiq səfir diqqəti ona yönəldir ki, münaqişənin bir tərəfində hakimiyyət dəyişikliyi olub – ABŞ-da prezident Buşu Barak Obama əvəzləyib. İndi yeni prezident Tehrana sülhpərvər çağırışlar edir. Əgər İranda da prezident dəyişsə, yeni vəziyyət yaranar. Yox əgər Əhmədinejad yenidən seçilsə, bu, ölkə əhalisinin, heç olmazsa siyasi elitanın onun radikal siyasətinə mandat verməsi kimi başa düşüləcək.

Amma cənab Nəsibli əlavə edir ki, İranın siyasi strukturu elədir ki, prezident çox şeyi həll etmir, çünki dini rəhbər var:

“Formal olaraq rəhbər seçkinin fövqündə qalır. Amma Xamneyi ilə Müsəvi qohumdurlar. İkisi də türkdür. Amma münasibətləri isti deyil. Elə Müsəvi baş nazir olanda da o cür idi. Onlar ayrı-ayrı cərayanları təmsil edirlər. Əhmədinejadın ilk dəfə 4 il əvvəl prezident seçilməsində isə dini rəhbərin rolu var idi və onunla münasibətləri çox yaxşı idi. İndi necədir və görünməyən cərayanlarda hansı proseslər gedir onu başa düşmək asan deyil”.

Nəsib Nəsibli deyir ki, əslində bu seçkilərə İranın mühafizəkar qanadı ilə, nisbətən yumşaq siyasət tərəfdarlarının mübarizəsi kimi baxmaq lazımdır. Bu amil namizədlərin platformasında da özünü göstərir.

Belə ki, mühəfizəkarlar daha çox İslam aləmi məsələlərinə alüdə olduqlarını göstərirlər - Yaxın Sərq münasibəti və sair problemlərdən danışırlar. Yumşaq xətt tərəfdarları olan islahatçı namizədləri isə ölkənin taleyi daha çox narahat edir:

“Əgər İran nüvə dövlətinə çevriləcəksə bu, bölgədə bəlkə də dünyada qüvvələr nisbətinin dəyişməsinə səbəb olacaq. Yox əgər TŞ-nin qərarlarına uyacaqsa, bu, başqa bir şərait yaradacaq. Əgər Əhmədinejad seçkidə qalib gəlsə, İran daha həssas bir mərhələni yaşamağa məcbur olacaq”.

Bütün hallarda, ekspert diqqəti ona yönəldir ki, İran seçkilərində indiki halda azərbaycanlılar çox vacib rola malikdir. Əhmədinejad 8 il Azərbaycan əyalətlərində işləyib, amma Müsəvinin kökləri Azərbaycandan gəlir.

Namizədlər bu faktorlardan istifadə etməyə çalışırlar. Lakin hazırkı prezidentlə müqayisədə Müsəvi nisbətən güclü mövqedədir.

XS
SM
MD
LG