Accessibility links

İranda analoqu olmayan seçki kampaniyası


Seçki ərəfəsində prezidentliyə islahatçı namizəd Mirhüseyn Musəvinin tərəfdarlarından ibarət geniş izdiham onun Tehran stadionundakı çıxışını coşqun alqışlarla qarşılayırdı.

Musəvi tərəfdarlarına İranın gələcəyi barədə danışırdı. Onun son aylarda seçkiqabağı kampaniyada önə çıxması tərəfdarlarının namizədə dəstəyini daha da gücləndirirdi.

Musəvinin reytinqi əsasən silsilə teledebatlar dövründə artmağa başladı.

1981-ci ildən Fransada sürgündə olan sabiq prezident Abolhəsən Bani Sədr deyir ki, bu seçki kampaniyası İran küçələrində böyük ruh yüksəkliyi ilə müşayiət olundu.

Hətta namizədlərin açıq şəkildə rejimin ünvanına korrupsiya və terroru maliyyələşdirmək kimi ittihamlar səsləndirməsi insanlarda həyacan hissi yaratmışdı.

Sədr əlavə edir ki, kampaniyanın ən qızğın məqamı sabiq prezident Əkbər Haşimi Rəfsəncaninin dini lider Ayətullah Əli Xameneyiyə məktub göndərməsi idi.

Media xəbərlərinə görə, cənab Rəfsəncani Mahmud Əhmədinejadın onun ailəsini korrupsiyada ittiham etməsinə qəzəblənib və İranın dini rəhbərinə ünvanladığı məktubda onu Əhmədinejadın ittihamları qarşısında sakit qalmamağa çağırıb.

İranın keçmiş prezidenti deyib ki, yalan və əsassız ittihamların təkrarı İranda sosial iğtişaşlara gətirib çıxarda bilər.

İran televiziyası isə cənab Rəfsəncaninin Prezident Əhmədinejadın ittihamlarına cavab vermək üçün özünə şərait yaradılması tələbi barədə seçki gününə qədər qərar verməyəcəyini bildirib.

Milli Təhlükəsizlik Şurasının sabiq üzvü Gari Sik Əhmədinejadın seçkiöncəsi mövqeyini belə təsvir edir ki, müxalifətin ölkədə baş qaldırması prezidentin başını dərdə salıb.

Belə ki, hətta hökumətin keçirdiyi gizlin rəy sorğularında insanlar Əhmədinejadın rəqiblərinə, xüsusilə də Musəviyə rəğbətlərini nümayiş etdiridilər.

Buna baxmayaraq, sabiq prezident Bani Sədr bu seçkinin İranın gündəlik rejimində hər hansı dəyişikliyə aparacağına inanmır. Ancaq o deyir ki, İran küçələrindəki coşqunluq insanların əksəriyyətinin onun təbirincə, İranın hazırkı diktaturasını qəbul etmədiyinə ümidverici işarədir.

Yaxın Şərq üzrə araşdırmacı jurnalist Robin Rayt diqqəti ona yönəldir ki, əslində İranın builki seçki kampaniyası təəccüb doğuran dərəcədə qızğın keçdi.

O deyir ki, iki həftəlik kampaniya olduqca gərgin idi. Açıq tənqidlər və kampaniyanın gərginliyi hazırkı seçkiləri əvvəlkilərdən fərqləndirir.

Kampaniya İranda siyasətçilərə fərdi hücumların səviyyəsini əvvəllər olmadığı dərəcədə artırıb. Telekanallarda birbaşa debatların aparılması da ilk dəfə idi.

Məhz bu debatların gedişində Musəvi önə çıxdı və diqqətləri öz üzərində cəmləşdirməyə nail ola bildi.

Prezident Əhmədinejad Musəvini sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncaniyə arxalanmaqda ittiham edir. Vaxtı ilə Rəfsəncani də Əhmədinejadı korrupsiyada ittiham edirdi.

Ən maraqlı məqam isə Musəvinin xanımı, siyasi elmlər üzrə professor Zəhra Rahnavardın prezidentin onun akademik rütbəsinə qarşı ittihamlarının fonunda kampaniyada rol əldə etməsidir. O və Rəfsəncani prezidenti məhkəməyə verməklə hədələdilər.

Yeni Amerika Foudunun İran layihəsinin direktoru Flayant Leveret hesab edir ki, bütün hallarda, bugünkü seçkidə iştirak amili olduqca önəmlidir.

O deyir ki, əgər seçkidə iştirak nisbəti 60 faiz civarında olsa, Əhmədinejad güclü mövqedə olacaq, amma bu rəqəm aşılsa, o zaman Musəvinin şansı artacaq.

XS
SM
MD
LG