Accessibility links

ABŞ dövlət katibinin müavini Qarabağ nizamlaması və Türkiyə-Ermənistan yaxınlaşması barədə


Yenicə Cənubi Qafqaz ölkələrinə səfərdən qayıtmış ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələri üzrə müavini Filip Qordon hesab edir ki, hazırda bu regionda iki vacib proses gedir. Bunlardan biri Türkiyə ilə Ermənistanın yaxınlaşması, digəri isə Dağlıq Qarabağ nizamlaması istiqamətində həll axtarışlarıdır.

Dünən Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa üzrə Alt Komitəsində ilk dəfə olaraq konqresmenlərin Obama Administrasiyasının Avropa siyasətinə dair suallarını cavablandıran cənab Qordon Cənubi Qarfqazda münaqişələrin həllinin regionun inkişafı üçün mühüm amil olduğunu vurğulayıb.

Dövlət katibinin müavini deyib ki, Vaşinqton Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyir və eləcə də Dağlıq Qarabag nizamlaması ətrafında sülh axtarışlarını alqışlayır.

Cənab Qordon xatırladır ki, o yaxınlarda regiona səfərdən qayıdıb və bu səfər onun vəzifəsinə təsdiq olunmasından cəmi bir neçə həftə sonra baş tutub.

Məqsəd isə Vaşinqtonun region ölkələrinə dəstəyini ifadə etmək və ABŞ-ın bölgədə cərəyan edən tarixi proseslərə kömək etmək imkanlarını araşdırmaq olub.

Dövlət katibinin müavini bir daha xatırladıb ki, Birləşmiş Ştatlar Azərbaycanı regional təhlükəsizlik, xüsusilə terrorizmlə mübarizədə vacib müttəfiqi olaraq görür.

Vaşinqtonda habelə Avropa ölkələrinə enerji nəqli baxımından da Azərbaycanın rolunun mühüm olduğunu vurğulayırlar.

Qordon əlavə edib ki, ölkəsi Avropanın enerji diversifikasiyasına nail olmaq üçün görülən tədbirləri də dəstəkləyir.

Konqresmenlərin suallarına cavabda Qordon ABŞ-ın sülh nizamlamasındakı səylərini belə təsvir edib ki, Minsk qrupunda həmsədr olan Metyu Brayza rusiyalı və fransalı həmkarları ilə birgə son bir il ərzində Azərbaycan və Ermənistan prezidentlərinin 5 görüşünü təşkil edib.

Dövlət katibi Hillari Klinton da iki ölkə rəsmiləri ilə dialoqlarda birbaşa iştirak edir. Sonuncu belə görüşlər mayın 5-də Vaşinqtonda nazirlər Məmmədyarov və Nalbandyanla keçirilib.

Alt Komitənin sədri, floridadan olan demokrat Robert Veksler isə cənab Qordona Türkiyə-Ermənistan yaxınlaşması fonunda Azərbaycanla bağlı məqamların nə qədər diqqətdə saxlanıldığın sual edib. O deyib ki, Vaşinqton bu proseslərin uğurla başa çatması üçün öz dəstəyini davam etdirməlidir.

Cənab Veksler deyib ki, hazırda Obama Administrasiyasının diqqətində Şərqi Avropa, Qafqaz və Balkan regionları ilə əməkdaşlıq prioritetləri durmaqdadır. Bu ölkələrdə demokratik islahatlar və Avropa Birliyi, eləcə də NATO-nun timsalında Transatlantik institutlara inteqrasiya məslələri aktuallıq təşkil edir.

Veksler diqqəti ona yönəldib ki, prezident Obama və dövlət katibi klinton Tükriyə ilə müttəfiqliyin əhəmiyyətliyini vurğulayıblar. Paralel olaraq, Qarabağ nizamlamasının həlli istiqamətində də Vaşinqtonda nəticə gözləyirlər.

Vekslerin sualına cavab olaraq cənab Qordon vurğulayıb ki, Türkiyə-Ermənistan yaxınlaşması Vaşinqtonu ruhlandırır.

Ancaq Administrasiyada hesab edirlər ki, bu müstəqil prosesdir və Avropanın digər ölkələrində nə baş verməsindən asılı olmayaraq, bu proses irəli getməlidir. Çünki bundan hər iki ölkə faydalanacaq.

Dövlət katibninin müavini çıxışında Rusiya mövzusuna da toxunub.

Cənab Qordon Rusiyanın BMT-nin Gürcüstanın separatçı Abxaziya regionunda mandatını uzatmaq barədə qətnaməyə veto qoyduğunu xatırladaraq, deyib ki, ABŞ Rusiyanın Avropa üzərində xüsusi təsir dairəsini tanımır və onun qonşuluğunda olan dövlətlərin müstəqilliyini və ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir.

XS
SM
MD
LG