Beynəlxalq
müşahidəçilər Qırğızıstanda keçirilən prezident seçkilərini tənqid edib.
Ölkənin Mərkəzi Seçki Komissiyası prezident Kurmanbek Bakıyevin böyük
üstünlüklə qələbə qazandığını bildirir. ATƏT-in açıqlamasına görə, dünənki
seçkilərdə səsvermə qutularına və seçici siyahısına müdaxilə, bir nəfərin bir
neçə nəfərin yerinə səs verməsi halları müşahidə olunub. Bəyanatda habelə öz
qələbəsini təmin etmək üçün prezident Bakıyev hökumət mənbələrindən
sui-istifadə etməkdə ittiham edilir.
Təşkilatın ilkin hesabatı əsas müxalif namizəd sabiq baş nazir Almazbek
Atambayin iddialarını gücləndirə bilər. Dünən səsvermə sona çatmamışdan öncə
cənab Atambayev seçkilərdə pozuntuların qeydə alındığını bildirmiş və
səsvermənin yenidən keçirilməsinə çağırmışdı. Prezidentliyə başqa bir namizəd
Jenişbek Nazaraliyev də səs hesablanan vaxt seçkidən geri çəkildiyini
bildirmişdi.