Transparency International təşkilatı dünyada korrupsiyanın vəziyyəti haqqında illik hesabatını açıqlayıb.
Dünyanın ən çox korrupsiyaya məruz qalmış ölkələri Somali, Əfqanıstan, Myanma, Sudandır. Korrupsiyanın səviyyəsi ən aşağı olan ölkələr Yeni Zelandiya, Danimarka, Sinqapur, İsveç hesab edilir.
Azərbaycan 80 dövlətin yer aldığı siyahıda 143-cü, Ermənistan 120-ci, Gürcüstan 66-cı yeri tutur. Rusiya 146-cı yerdədir.
“Transparency İnternational” təşkilatının Azərbaycandakı milli bölməsi “Şəffaflıq Azərbaycan” təşkilatı bildirir ki,
Azərbaycan 2007-ci ildə 2.1 xalla 180 ölkə arasında 150-ci sırada, 2008-ci ildə isə 1.9 balla 180 ölkə arasında 159-cu sırada yer alıb. “Bu il Azərbaycanın göstəricisi yüksəlib. Bunu hökumətin biznes mühitinin inkişafı məqsədi ilə götürdüyü bir sıra öhdəliklərin nəticəsi olaraq göstərmək olar. Ölkə həmçinin Dünya Bankı tərəfindən keçirilən Doing Business tədqiqatının nəticələrinə görə 2007-2008-ci illər üçün 10 ən yaxşı islahatçı ölkə sırasında qeyd olunub”.
Şəffaflıq Azərbaycan” eyni zamanda bildirir ki, korrupsiya Azərbaycan üçün böyük problem yaradır və korrupsiyaya qarşı mübarizədə dövlət ciddi cəhdlər etməlidir. “Korrupsiya hələ də cəmiyyət üçün problemlərdən biri hesab edilir və hökumət korrupsiyaya qarşı mübarizə məqsədi ilə qəbul edilmiş qanunların icrasını yaxşılaşdırmaq istiqamətində əməli addımlar atmalı, qanunların işlək vəziyyətdə olmasından əmin olmalıdır. Korrupsiya faktı ilə bağlı şikayətlə müraciət etmək istəyən şəxslər özlərini heç də tam təhlükəsiz hesab etmir və bu halın aradan qaldırılması, insanların özlərini daha təhlükəsiz hiss edə bilmələri üçün qanunvericilik bazası yaradılmalıdır. Bütün bunlarla yanaşı, büdcə vəsaitlərinin xərclənməsi, dövlət satınalmalarının həyata keçirilməsi zamanı şəffaflığın təmin edilməsi vacibdir. Bundan əlavə istehlakçıların hüquqlarının qorunması əhəmiyyət kəsb edir, xüsusən burada kommunal xidmətlər sahəsində (qaz, işıq və su kimi) təbii monopoliya tərəfindən göstərilən xidmətlərdən istifadə edən istehlakçıların maraqları nəzərə alınmalıdır. Əsas məqsəd vətəndaşların bu dəyişiklikləri gündəlik həyatlarında hiss etmələrini təmin etməkdir”.