Accessibility links

Azərbaycan telekanalları bələdiyyə seçkilərini işıqlandırmır


Azərbaycan telekanalları, praktiki olaraq, 23 dekabr bələdiyyə seçkiləri üzrə seçki kampaniyasını işıqlandırmır. Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) “Azad Dalğalar” layihəsi çərçivəsində keçirdiyi telekanalların monitorinqinin yekunları bunu göstərir.
Bu gün keçirilən mətbuat konfransında monitorinqin birinci mərhələsinin nəticələri açıqlanıb. Layihənin rəhbəri Rəsul Cəfərov bildirib ki, monitorinq 8 ümummilli telekanalı (AzTV, İTV, İdman-Azərbaycan, ANS, Space, Xəzər, Lider) və Naxçıvan Muxtar Respublikasında yayımlanan 2 regional telekanalı (NTV və Kanal 35) əhatə edib.
Onun sözlərinə görə, bütün telekanallar dövlət başçısının əsasən pozitiv tərzdə geniş efir vaxtı ayırır, faktiki olaraq hakim partiyanın təbliğatını aparır.
İctimai Televiziya istisna olmaqla, heç bir telekanal bələdiyyə seçkiləri ilə bağlı maarifləndirici verilişlərə efir ayırmayıb. Monitorinqə görə, heç bir telekanalda seçkilərlə bağlı sosial reklam olmayıb. “Digər partiyaların fəaliyyətinə gəldikdə isə, bu barədə, demək olar ki, heç bir söhbət getmir. Seçkilərin işıqlandırılması yalnız Mərkəzi Seçki Komissiyasının iclaslarından, dairə seçki komissiyalarının fəaliyyətindən, seçkilərlə bağlı keçirilən tədbirlərdən reportajlarla məhdudlaşır”, - deyə layihə rəhbəri qeyd edib.
”Azad dalğalar” layihəsi Marşal Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir və seçki kampaniyası müddətini - 23 oktyabr-23 dekabr müddəti əhatə edir.

XS
SM
MD
LG