Accessibility links

Dəyirmi Masa: ABŞ-ın yeni Əfqanıstan strategiyası


Çərşənbə axşamı West Point Hərbi Akademiyasında etdiyi çıxışda prezident Barak Obama Əfqanıstanda müharibəni udmaq üçün yeni strategiya açıqladı. Kadetlər və milli televiziya auditoriyası qarşısında nitq söyləyən Obama Əfqanıstana 30 min əlavə ABŞ əsgəri göndərəcəyini bəyan etdi. Bu əsgərlər Əfqanıstanda artıq xidmət göstərən 68 min ABŞ və on minlərlə müttəfiq əsgərlərinə qoşulacaq. Bu aktual mövzuda diskussiya aparmaq üçün həftənin dəyirmi masa söhbətinə politoloq Qabil Hüseynlini dəvət etdik.

Qabil Hüseynli Barak Obamanın Əfqanıstana qoşun göndərmək haqda qərarını alqışlayaraq terrora qarşı mübarizədə Talibanın məğlub edilməsinin mühüm olduğunu vurğuladı. Onun sözlərinə görə Əfqanıstanda yuva salmış Əl Qaida terror şəbəkəsi yerli Taliban qüvvələri ilə əlbir olaraq dünyada sülhə ciddi təhlükə törədir. Onlar öz ekstremist ideyalarını yyır, gənc beyinləri zəhərləyir və zorakı əməllərə sövq edirlər. Bunun qarşısını almaq üçün isə Amerikanın regiona əlavə qoşun göndərməsi tələb olunur. Qüvvə artımı imkan verəcək ki, qiyamçılar döyüş meydanında məğlub edilsin və Əfqanıstan ordusu ölkənin təhlükəsizliyi üçün məsuliyəti öz boynuna götürə bilsin.

ABŞ-ın NATO müttəfiqləri ilə münasibətlərinin güclü saxlanmasının vacibliyini qeyd edən politoloq ümidvar olduğunu bildirdi ki, Avropa dövlətləri Əfqanıstana prezident Obamanın xahiş etdiyi kimi əlavə əsgərlər göndərəcəklər. O, bu xüsusda Böyük Britaniya, Fransa və Almaniyanın töhfələrini qeyd etdi. Əfqanıstanda sivil cəmiyyətin formalaşmasının mühümlüyünü önə çəkən Qabil Hüseynli söylədi ki, hər cəmiyyətin özünəməxsus xüsusiyyətləri var. Onun sözlərinə görə hər halda Əfqanıstanda qəbilələr və müxtəlif etnik qruplar arasında konsensus yaradaraq xalqın iradəsini əks etdirən hökumət formalaşdırmaq mümkündür.

XS
SM
MD
LG